Ermənistan Araz çayı üzərində bənd layihəsini niyə Türkiyə ilə razılaşdırır? - ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi Araz çayı sahilində bənd tikintisi layihəsinin niyə Türkiyə ilə razılaşdırıldığına dair Sputnik Ermənistanın sorğusuna cavab verib.
Qeyd olunur ki, İrəvan bu layihə ilə bağlı Ankaraya artıq 1,5 ildir sənədlər göndərir və danışıqlar aparır. Halbuki sovet dövründən qüvvədə olan "Sərhəd çayları və axarları haqqında Konvensiya" yalnız Türkiyənin vaxtında məlumatlandırılmasını tələb edir. Sənəddə layihənin mütləq şəkildə "razılaşdırılması" şərti yoxdur. XİN-in cavabında bildirilir ki, Ermənistan Türkiyəni Araz çayının sahilində aparılan möhkəmləndirmə işləri barədə müqavilənin müddəalarına uyğun olaraq məlumatlandırıb.
"Eyni zamanda zərurət olduqda tərəflər arasında təmaslar və məsləhətləşmələr aparılır. Bu, iki ölkə arasında əməkdaşlıq məntiqinə uyğundur", - nazirlik qeyd edib.
Bununla belə, Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyi daha əvvəl məhz "razılaşdırma prosesinin" davam etdiyini açıqlamışdı. Bir neçə ay əvvəl nazirlik demişdi ki, layihə sənədlərinin Türkiyə ilə "XİN vasitəçiliyi ilə razılaşdırılması" davam edir. Keçən il də oxşar cavab verilmişdi.

Xatırladaq ki, Araz çayının əvvəlki məcrasına qaytarılması üçün nəzərdə tutulan bəndin tikintisi təxminən 1 milyon dollara başa gələcək. Ermənistanda qeyri-qanuni qum çıxarılması səbəbindən çayın məcrası dəyişib və təxminən 330 hektarlıq ada yaranıb. Problemin həlli üçün 130 metr uzunluğunda və 8 metr dərinliyində bənd tikilərək suyun yenidən əvvəlki məcraya yönəldilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31