MAQATE rəhbəri ABŞ-ın nüvə silahı sınaqlarını ciddi məsələ hesab edir - ÖZƏL
19:37 DünyaBMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ABŞ-ın mümkün nüvə silahı sınaqlarını beynəlxalq ictimaiyyətin diqqətindən kənar qoyula bilməyəcək ciddi məsələ adlandırıb.
Olaylar xəbər verir ki, bu barədə Qrossi Kalininqradda "Rosatom"un baş direktoru Aleksey Lixaçov ilə görüşdən sonra bildirib.
"Bu, şübhəsiz çox vacib və ciddi məsələdir. Beynəlxalq arenada bu istiqamətdə müəyyən intensivləşmənin baş verməsi fakti gözardı edilə bilməz", - deyə Qrossi açıqlamasında qeyd edib.
O həmçinin vurğulayıb ki, Rusiya və ABŞ ən böyük nüvə arsenallarına sahib ölkələr olaraq bu məsələdə xüsusi məsuliyyət daşıyırlar.
Qeyd edək ki, oktyabrın 30-da ABŞ prezidenti Donald Tramp nüvə silahı sınaqlarını digər ölkələrlə "bərabər şəkildə" həyata keçirmək barədə göstəriş verib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov isə bildirib ki, Rusiya hələ də Trampın açıqlamasının mahiyyəti ilə bağlı ABŞ-dan rəsmi izahat almayıb.
Vyanadakı beynəlxalq təşkilatlar yanında Rusiya Daimi Nümayəndəsi Mixail Ulyanov isə Rusiyaya ABŞ-ın nüvə sınaqlarına hazırlaşması barədə heç bir məlumat daxil olmadığını bildirib.
İbrahim Məmmədli