Finlandiya Silahlı Qüvvələri 2026-cı ildə Norfolkda NATO komandanlığına keçə bilər- ÖZƏL

Finlandiya Silahlı Qüvvələrinin 2026-cı ildə ABŞ-ın Norfolk şəhərində yerləşən NATO komandanlığına tabe olacağı gözlənilir. Olaylar.az xəbər verir ki, bu barədə MTV Uutiset telekanalına Finlandiya Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəhbəri Maks Arxippainen bildirib. O qeyd edib ki, əvvəlcə planlaşdırıldığı kimi 2025-ci ilin əvvəllərində baş tutması nəzərdə tutulan keçid, böyük ehtimalla bir il sonraya keçiriləcək. Hazırda Finlandiya Silahlı Qüvvələri NATO-nun Hollandiya, Brünsüm şəhərindəki komandanlığına tabe fəaliyyət göstərir.
Norfolkdakı komandanlığa artıq Danimarka, İslandiya və Norveçin silahlı qüvvələri tabe olub. Finlandiyanın yanında, İsveç Silahlı Qüvvələri də bu komandanlığın idarəçiliyinə keçəcək.
Xatırladaq ki, oktyabrın əvvəlində Finlandiyanın Mikkeli şəhərində NATO-nun quruda fəaliyyət göstərən hərbi komandanlığı açılıb. Bu yeni qərargah Rusiya ilə sərhəddən 200 km-dən az, Sankt-Peterburqdan isə təxminən 300 km məsafədə yerləşir. Qərargah 24 saat fəaliyyət göstərir və Norfolkdakı NATO qərargahına tabe olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31