Aİ ənənəvi silahların inkişafına süni intellekt və dronlardan daha çox sərmayə qoyur- ÖZƏL
13:11 DünyaAvropa İttifaqı (Aİ) süni intellekt (Sİ) və pilotsuz uçuş aparatları (PUA) kimi qabaqcıl hərbi texnologiyalardan çox ənənəvi silah sistemlərinin inkişafına maliyyə ayırmağa üstünlük verir. Olaylar.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times qəzeti Avropa Komissiyasının məlumatlarına istinadən xəbər yayıb.
Avropa Komissiyasının Avropa Parlamentinin Büdcə Komitəsinə təqdim etdiyi məlumata görə, 2021-ci ildən bu günə qədər Sİ və PUA layihələrinə ümumi büdcədən 400 milyon avrodan az vəsait ayrılıb. Eyni zamanda, "ənənəvi müdafiə vasitələrinin" - quru, hava və dəniz texnikası, habelə hava hücumundan müdafiə sistemlərinin inkişafına 1,49 milyard avro sərmayə qoyulub.
"Bu rəqəmlər bizi təəccübləndirdi. Ukraynada gedən döyüşləri nəzərə alsaq, dronlar və Sİ həlləri əsas rol oynayır. Avropa hələ də ənənəvi silah sistemlərinə çox sərmayə qoyur", - FT-ə Avropa Parlamentinin Yaşıllar Partiyasından deputatı Daniyel Fröynd bildirib. Qəzet qeyd edir ki, Aİ Avropa Müdafiə Fondu və digər proqramlar çərçivəsində müdafiəyə xərcləri artırıb. Avropa Komissiyasının məlumatına görə, büdcədən müdafiəyə ayrılan ümumi xərclər 2021-ci ildə 1,24 milyard avrodan 2024-cü ildə 2,29 milyard avroya çatıb.