Macarıstan və Slovakiya: Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya yönləndirilməsinə əngəl yarana bilər- ÖZƏL
11:35 DünyaOlaylar.az xəbər verir ki, Politiconun məlumatına görə, Macarıstan və Slovakiya Ukraynanın maliyyələşdirilməsi üçün istifadə olunacaq dondurulmuş Rusiya aktivlərinə həbs qoyulması planını bloklaya biləcək. Səbəb kimi Kiyevdə son vaxtlar ortaya çıxan korrupsiya qalmaqalı göstərilir.
Brüsseldə keçirilən Aİ maliyyə nazirlərinin görüşündə Rusiyaya məxsus aktivlərin müsadirəsi yenidən müzakirə edilsə də, üzv ölkələr məsələ ilə bağlı ortaq qərara gələ bilməyiblər. Nəşrin yazdığına görə, bəzi ölkələr ümumiyyətlə bu sxemdən imtinanı təklif edir, lakin neçə ölkənin bu mövqeni dəstəklədiyi açıqlanmır. Digər üzv dövlətlər isə yardımdan sui-istifadə ehtimallarına görə daha sərt şərtlər irəli sürmək istəyirlər. Kompromisin olmamasına baxmayaraq, hazırkı sədr ölkə olan Danimarka Avropa Komissiyasına aktivlərin müsadirəsi üçün hüquqi mexanizmin hazırlanması tapşırığını verib. Bu istiqamətdə yekun qərarın dekabr ayında keçiriləcək Aİ sammitində qəbul ediləcəyi gözlənilir. Politico qeyd edir ki, Komissiya "reparasiya kreditləri" adlandırılan maliyyə mexanizminin konturlarını həmin sammitə qədər təqdim etməyə çalışır. Əks halda, Aİ Ukraynanın maliyyə baxımından çətin vəziyyətə düşməsi riski ilə üzləşəcək.
Bununla belə, qərar dekabrda qəbul edilsə belə, Kiyevin ilk vəsaiti alması üçün uzun prosedur prosesi tələb olunacaq. Təşəbbüsün Avropa Parlamentində və bəzi ölkələrin milli parlamentlərində səsvermədən keçməsi aylarla vaxt apara bilər. Bu səbəbdən Brüssel Ukraynaya ara maliyyə paketi ayırmaq məcburiyyətində qala bilər.
Politiconun proqnozuna görə, əgər Ukrayna 2026-cı ilin aprel ayına qədər Aİ və ya BVF-dən yeni maliyyə tranşları almazsa, ölkə kəskin qənaət rejiminə keçməli olacaq. İlk olaraq hökumət 2027-ci il üçün nəzərdə tutulmuş ehtiyat vəsaitlərdən, məsələn dövlət banklarının dividendlərindən istifadə edəcək. Ardınca daxili borc kağızları-obliqasiyalar buraxılacaq. Bu mənbələr tükəndikdən sonra hökumət bələdiyyələrə ayrılan vəsaitləri, daha sonra bərpa işlərinə yönəlik maliyyəni kəsəcək. Son mərhələdə isə ən ağır addım - məmurlara, pensiyaçılara, tibb işçilərinə və hərbçilərə maaşların dayandırılması gündəmə gələ bilər. Bu, müharibə başlayandan bəri baş verməyən bir presedentdir.