Tacikistan və Rusiya qanunvericilik əməkdaşlığını genişləndirir

Tacikistan Prezidenti Emoməli Rəhmon və Rusiya Federasiya Şurasının sədri, MDB Parlamentlərarası Assambleyasının (MPA) rəhbəri Valentina Matviyenko iki ölkə arasında qanunvericilik və rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Görüş Düşənbədə baş tutub. Olaylar.az xəbər verir ki, Tacikistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, tərəflər qanunvericilik, rəqəmsal inkişaf, sahibkarlığın dəstəklənməsi və sosial siyasət sahələrində təcrübə mübadiləsinin gücləndirilməsinə xüsusi diqqət ayırıblar. Həmçinin Tacikistan və Rusiya arasında strateji tərəfdaşlıq və müttəfiqlik çərçivəsində əməkdaşlıq, o cümlədən parlamentlərarası əlaqələr müzakirə olunub.
Emoməli Rəhmon parlament diplomatiyasının siyasi dialoq, ticarət-iqtisadi və humanitar sahələr daxil olmaqla, Tacikistan-Rusiya münasibətlərinin inkişafındakı rolunu vurğulayıb. O, xüsusilə iqtisadiyyat, investisiya, energetika, tibb və ekoloji sahələr üzrə parlament komitələrinin fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd edib.
Görüşdə Tacikistanın MDB qurumlarındakı sədrliyi, eləcə də Rusiya Prezidenti Vladimir Putinin dövlət səfərinin və bu il oktyabrda Düşənbədə keçirilən MDB və "Mərkəzi Asiya - Rusiya" sammitlərinin nəticələri də müzakirə olunub.
Valentina Matviyenko Düşənbəyə Rusiya parlament nümayəndə heyətinə rəhbərlik edərək, 13-14 noyabr tarixlərində keçirilən MDB MPA-nın payız sessiyasında iştirak edir. Noyabrın 13-də Assambleya Şurasının iclası keçirilib, 14 noyabrda isə qurumun 59-cu plenar iclası başlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31