Bloomberg: Səudiyyə Ərəbistanı ABŞ-dan Qətər nümunəsində təhlükəsizlik zəmanəti istəyir- ÖZƏL
10:22 DünyaOlaylar.az xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman noyabrın 18-də Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trampdan Qətərə verilənə bənzər təhlükəsizlik zəmanəti almağa çalışacaq.
Xatırladaq ki, sentyabrın sonunda Tramp ABŞ-ın Qətərin ərazisinə, suverenliyinə və mühüm infrastrukturuna edilən hər hansı silahlı hücumu ABŞ-ın sülh və təhlükəsizliyinə təhdid kimi qiymətləndirəcəyini təsbit edən bir sərəncam imzalamışdı. Sənədə əsasən, belə bir hal baş verərsə, Vaşinqton "diplomatik, iqtisadi və zərurət yaranacağı təqdirdə hərbi tədbirlər" görəcək.
Məsələnin gedişatı ilə tanış olan mənbələr Bloomberg-ə bildiriblər ki, Səudiyyə vəliəhdi böyük ehtimalla oxşar sənədin qəbuluna nail olmaq niyyətindədir. Mənbələr həmçinin qeyd ediblər ki, Ər-Riyad ABŞ-dan F-35 qırıcılarının alınması ilə bağlı da danışıqlar aparır. Agentlik Tramp administrasiyasının sözügedən satışa müsbət yanaşa biləcəyini istisna etmir.
Bu səfər Məhəmməd bin Salmanın 2018-ci ildən bəri Vaşinqtona ilk rəsmi gəlişi olacaq.