Saakaşvili: “Məni yenidən zindana qaytarmaqla tərəfdarlarımı qorxutmaq istəyirlər” – ÖZƏL
09:56 DünyaGürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili Rustavidəki №12 saylı penitensiar müəssisəsindən göndərdiyi məktubda Bidzina İvanişvilini sərt şəkildə ittiham edib.
Olaylar.az xəbər verir ki, məktubun məzmunu ilə jurnalistləri onun vəkili Vaxo Baramaşvili tanış edib.
Saakaşvili məktubunda yazır:
"İvanişvili hər səhər günə kimə və necə zərər vurmaq barədə obsesiv fikirlərlə başlayır. Dünən məni xəbərdarlıq etmədən yenidən zindana qaytardılar. Məni Rustaviyə gətirdilər və burada 2022-ci ilin martında məni zəhərləyən eyni adamlar ilə üz-üzə qoydular. O vaxt möcüzə nəticəsində sağ qaldım və həmin zəhərlənmənin simptomları bu günə qədər davam edir. "Vivamedi"klinikasının həkimlərinə həyatımı xilas etdikləri üçün təşəkkür edirəm.
Mən bu qədər məhbusun, bu qədər faciənin fonunda özümə xüsusi simpatiya istəmirəm. Bəs niyə məni indi yenidən "cəlladlarımın" yanına qaytardılar? Çünki çoxsaylı tərəfdarlarımı qorxutmaq istəyirlər. İkinci səbəb isə Qərbə və Ukraynaya göndərilən konkret mesajdır. Mən hələ də Zelenskinin İslahatlar Şurasının sədriyəm. İvanişvili vaxtilə mənim həyatımı qorumağı öhdəsinə götürmüşdü, indi isə atdığı bu addımla Avropaya və ABŞ-yə bildirir ki, həmin vəd - digər bütün vədləri kimi - artıq keçərli deyil. Mən əminəm ki, bütün bunlar Moskva ilə razılaşdırılıb.
Post-sovet məkanında mən uğurlu islahatların, eləcə də Gürcüstanın azadlıq və dövlətçiliyinin simvoluyam. Onlar Gürcüstanın azadlığını və müstəqilliyini məhv edirlər, məni də məhv edirlər."
Saakaşvili məktubunun sonunda tərəfdarlarına müraciət edib: "İstənilən halda təslim olmayın və mübarizə aparın. Çünki bizim qələbəmiz qaçılmazdır."