Maduro amerikalıları sülh naminə Venesuelaya dəstək verməyə çağırdı- ÖZƏL

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın ölkə sahillərində həyata keçirdiyi hərbi əməliyyatlar fonunda amerikalı vətəndaşları sülhün qorunması üçün Venesuelaya dəstək verməyə çağırıb. Olaylar.az xəbər verir ki, o, bu fikirləri Karakasda keçirilən mitinq zamanı CNN telekanalına müsahibəsində səsləndirib.
Maduro amerikan ictimaiyyətini "Amerika qitəsində sülh naminə birləşməyə" səsləyib və bildirib ki, "artıq sonsuz müharibələrə, ədalətsiz toqquşmalara son qoymağın vaxtıdır". O, Liviyada və Əfqanıstanda baş verən münaqişələri misal göstərərək ABŞ-ın xaricdə hərbi əməliyyatlara son verməli olduğunu vurğulayıb. Prezident daha sonra ABŞ lideri Donald Trampa ingilis dilində "Bəli, xahiş edirəm, sülh" sözləri ilə müraciət edib.
CNN-in məlumatına görə, Maduro ABŞ-ın mümkün hücumu ilə bağlı sualı cavabsız qoyub və diqqətinin yalnız ölkənin dinc idarə olunmasına yönəldiyini bildirib. ABŞ-ın regiondakı hərbi fəaliyyəti ötən aylarda genişlənib. The New York Times yazır ki, Donald Tramp Latın Amerikası narkokartellərinə qarşı hərbi güc tətbiqinə dair gizli direktiv imzalayıb. Bu göstərişdən sonra ABŞ ordusunun əlavə qüvvələri Karib hövzəsinə göndərilib və narkotik daşımaları ilə məşğul olduğu iddia edilən katerlərə hava zərbələri endirilib.
CNN-in hesablamalarına görə, ABŞ ordusu son aylarda Latın Amerikası sahillərində təxminən 20 kateri məhv edib, nəticədə 80-ə yaxın şəxs həlak olub. Kolumbiya Prezidenti Qustavo Petro bildirib ki, bu zərbələrdən birində ölən şəxs narkotik qaçaqmalçısı deyil, balıqçı olub. ABŞ administrasiyası hədəflərin kimliyinə dair ətraflı məlumat verməkdən imtina edir.
Maduro dəfələrlə Venesuelanın son 100 ilin ən ciddi ABŞ müdaxilə təhdidi ilə üzləşdiyini bildirib. Vaşinqton isə Karakası narkotik qaçaqmalçılığı ilə mübarizədə yetərincə aktiv olmamaqda ittiham edir. The New York Timesın məlumatına görə, Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə Venesuelada gizli əməliyyatlar aparmağa da icazə verib.
Amerikanın bir sıra KİV-ləri ABŞ-ın yaxın vaxtlarda Venesuela ərazisindəki narkokartel obyektlərinə zərbələr endirə biləcəyini istisna etmirdi. Lakin Tramp oktyabrın 31-də belə bir variantı nəzərdən keçirmədiyini açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31