Almatıda turizm yatırımları rekord həddə çatıb – ÖZƏL

2025-ci ilin doqquz ayı ərzində Almatıda turizm sektoruna yatırımlar rekord 113 milyard təngəni ötüb ki, bu da ötən illə müqayisədə təxminən 50% artım deməkdir. 

Olaylar.az xəbər verir ki, bu barədə şəhər Turizm İdarəsi məlumat verib.

Rəsmi göstəricilərə əsasən, yanvar-sentyabr aylarında turizmin əsas kapitalına yönəldilən investisiyalar 113,2 milyard təngə təşkil edib. Sahənin ümumi əlavə dəyəri isə 559,3 milyard təngəyə çatıb - bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur. Nəticələr turizmin Almatı iqtisadiyyatına artan töhfəsini və sahibkarlara dəstək proqramlarının effektivliyini göstərir.

Hazırda şəhərdə ümumilikdə 12 552 nömrəlik fondu olan 377 yerləşdirmə obyekti fəaliyyət göstərir. Bu göstərici ötən illə müqayisədə 8% artıb. Obyektlərin eyni vaxtda yerləşdirmə tutumu 22 768 çarpayı-yerə çatıb.

İlin əvvəlindən bəri Almatıda 34 yeni obyekt açılıb: 11 otel, gleympinq, kapsul otel, 18 hostel və 3 istirahət bazası.

Eyni zamanda 58 yeni otel layihəsinin tikintisi, 35 turistik obyektin isə layihələndirilməsi davam edir.

Turizmə artan investisiyalar müasir xidmət standartlarının tətbiqinə və mövsümdənkənar dövrdə otellərin doluluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır. "Bizim üçün əsas hədəf Almatının yalnız yay aylarında deyil, ilin bütün fəsillərində cəlbedici turizm mərkəzi statusunu qorumasıdır", - deyə Turizm İdarəsində bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31