Birləşmiş Ştatlar BMT-də Trampın Qəzza planını dəstəkləyən qətnamə layihəsini irəli sürür- ÖZƏL

ABŞ Birləşmiş Millətlər Təşkilatında (BMT) Prezident Donald Trampın Qəzza üzrə təqdim etdiyi sülh planını dəstəkləyən qətnamə layihəsini irəli sürüb. Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, Vaşinqton noyabr ayının əvvəlindən Təhlükəsizlik Şurasının üzvləri və digər tərəfdaşlarla birgə sənəd üzərində "vicdanlı və sıx əməkdaşlıqla" danışıqlar aparır. Qətnamə layihəsi Qəzzada "beynəlxalq stabilizasiya qüvvələrinin" yerləşdirilməsini və Fələstin əhalisi üçün "HƏMAS-sız, təhlükəsiz və firavan gələcək" qurulmasını nəzərdə tutur.
ABŞ nümayəndəliyi Təhlükəsizlik Şurasını "tarixi məqamdan istifadə etməyə" və sənədi dəstəkləməyə çağırıb. Qeyd olunub ki, layihə Tramp administrasiyasının təklif etdiyi sülh planının "tam şəkildə tamamlanmasına" xidmət edir.
Xatırladaq ki, sentyabrın 29-da Ağ Ev Trampın Qəzza münaqişəsinin həlli ilə bağlı 20 maddədən ibarət "əhatəli plan"ını açıqlamışdı. Sənəd Qəzzada müvəqqəti xarici idarəçilik qurulmasını və beynəlxalq stabilizasiya qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur.
Oktyabrın 9-da qarşıdurmada iştirak edən tərəflər planın birinci mərhələsinin icrası ilə bağlı razılaşma imzalayıb, bir gün sonra - oktyabrın 10-da isə atəşkəsin qüvvəyə mindiyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31