Türkiyə Müdafiə Nazirliyindən təyyarə qəzasının səbəbi barədə açıqlama

Türkiyə Silahlı Qüvvələrinin Gürcüstanda qəzaya uğrayan C-130 hərbi yük təyyarəsində silah-sursat olmayıb.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib.

"Təyyarədə yalnız heyət üzvləri və təyyarə təmiri üçün materiallar olub, silah-sursat olmayıb", - o deyib.

Zəki Aktürk təyyarənin qəzaya uğramasının səbəbi ilə bağlı suala belə cavab verib:

"Bu mövzuda indi danışmaq hələ tezdir. Hadisənin baş vermə səbəbi, davam edən qəza araşdırması tamamlandıqdan sonra aydın olacaq".

Xatırladaq ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu.

Türkiyə Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu açıqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. (teleqraf)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31