Kərimovanın İsveçrədəki milyardları: Qərar verildi

İsveçrə tarixində ikinci ən böyük müflisləşmə işi ilə bağlı "Zeromax" kreditorunun "Ernst&Young" şirkətinə qarşı iddiası üzrə məhkəmə prosesi davam edir. Ali Məhkəmənin qərarına əsasən, cavabdeh tərəf audit prosesi ilə bağlı sənədləri təqdim etməyə məcbur olunub.

Olaylar.az xəbər verir ki, bu öhdəlik "böyük dördlük" şirkəti üçün böyük reputasiya itkisi və milyard dollarlıq cəriməyə səbəb ola bilər.

Məhkəmə prosesi artıq beş ildir davam edir. "Ernst&Young"un İsveçrə bölməsi Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ilə əlaqəli olduğu açıqlanan "Zeromax"ın şübhəli əməliyyatlarına göz yumması və onun maliyyə hesabatlarına müsbət rəy verməsi nəticəsində kreditorların zərər çəkməsinə səbəb olmaqda ittiham olunur.

2025-ci ilin iyul ayında "Zeromax" kreditorları mühüm aralıq qələbə əldə ediblər. İsveçrə Federal Ali Məhkəməsinin qərarına əsasən, cavabdeh tərəf audit proseslərinə dair çoxsaylı sənədləri iddiaçılara təqdim etməyə məcbur edilib.

Maliyyə xəbərlərini yayan "Tippinpoint" nəşri bu qərarı "Özbək şahzadəsi Gülnarə Kərimova ətrafındakı maliyyə trillerinin yeni səhifəsi" adlandırıb.

"Zeromax" 1999-cu ildə ABŞ-nin Delaver ştatında yaradılmış, 2005-ci ildə İsveçrənin Suq kantonunun yurisdiksiyasına köçmüş, 2010-cu ildə qəfil müflis olduğunu elan etmiş bir holdinq idi. Vaxtilə Özbəkistanın ən iri biznes imperiyası sayılan "Zeromax" ölkədə "xarici investor" statusu ilə toxuculuqdan tutmuş energetikaya qədər onlarla sektorda aktivlərə sahib olub. Bildirilib ki, müəyyən dövrdə Özbəkistanın ÜDM-nin 10 faizə qədəri təkcə bu şirkətə aid idi.

Biznes imperiyası 2010-cu ildə Özbəkistanda baş vermiş hakimiyyət dəyişikliklərdən sonra çökmüş və ölkədəki əmlakı dövlətin mülkiyyətinə müsadirə edilmişdi. Şirkət 2010-cu il 12 avqust tarixində Suq məhkəməsinə təqdim etdiyi müflisləşmə ərizəsində cari aktivlərini təxminən 2,56 milyard dollar, öhdəliklərini isə 4,12 milyard dollar göstərmişdi. Amma sonrakı araşdırmalarda şirkətin cəmi 6,66 milyon franklıq aktivləri müəyyən edilmişdi. 191 kreditorun ümumi tələbi isə 5,6 milyard franka çatmışdı. Bu məbləğlə müflisləşmək İsveçrə tarixində ikinci ən böyük iflas hadisəsi sayılır.

191 kreditor arasında Suqda təmizlik xidməti göstərən müəssisədən tutmuş, Daşkənddəki Forumlar Sarayının interyer dizaynında iştirak edən kiçik və orta Almaniya firmalarına, Özbəkistanın neft-qaz şirkətlərindən tutmuş Rusiyadakı boru konsorsiumlarına qədər müxtəlif tərəflər var idi. Ən tanınmış iddiaçılardan biri isə braziliyalı keçmiş futbolçu Rivaldo idi. O, 2008-ci ildə "Bunyodkor" klubunda oynadığı dövrdə "Zeromax" şirkətinin ona 22,7 milyon frank ödəməli olduğunu söyləmişdi.

2019-cu ildə ABŞ-nin "Lion Point Capital" adlı fondu "Zeromax"a qarşı olan borc tələblərini (borcu öz xeyrinə tələb etmək hüququnu) satın aldı. 2020-ci ildə fond "Ernst&Young"un İsveçrə bölməsini məhkəməyə verərək, auditoru öz vəzifələrindən yayınmaqda və "Zeromax"ın maliyyə sabitliyi barədə kreditorlarda yanlış təsəvvür yaratmaqda ittiham etdi. Məhkəmə prosesi o vaxtdan bəri davam edir.

"Financial Times"ın yazdığına görə, Gülnarə Kərimova ilə biznes əlaqələri olan "Zeromax" 2006-2009-cu illərdə dəbdəbəli zinət əşyalarına azı 38 milyon dollar xərcləyib. Məsələn, Cenevrədəki bank seyfində tapılmış "Boucheron" markalı 2,5 milyon dollarlıq brilyant üzüyün ödənişini "Zeromax" həyata keçirmişdi. (Teleqraf)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31