İsrail Müdafiə naziri ordu radiosunu bağlamağı əmr edib: Səbəb "əsgərlərin mənəviyyatına zərər" – ÖZƏL

İsrailin Müdafiə Naziri Yisrael Katz, ordu radiosu olan "Galei Tzahal" (Galatz)-ı bağlamaq qərarını elan edib və 2026-cı il martın 1-dək yayımın dayandırılmasını əmr edib. 

Olaylar.az-ın məlumatına görə, "Times of Israel" xəbər verir ki, nazir bu qərarı radiostansiyanın "hərbi səylərə və mənəviyyata zərər verdiyi" barədə gələn şikayətlərlə əsaslandırıb.
Kats bildirib ki, bu təklifi təsdiq üçün tezliklə hökumətə təqdim edəcək.

Nazir, radiostansiyanın bağlanmasına nəzarət etmək və mülki əməkdaşların ədalətli işdən çıxarılmasını təmin etmək üçün Müdafiə Nazirliyində peşəkar bir qrup yaradılacağını deyib.
Yalnız musiqi üzrə ixtisaslaşan "Galgalatz" mülki radiostansiyası fəaliyyətini davam etdirəcək.

Radiostansiyanın fəaliyyətini "dünyanın heç bir demokratik ölkəsində eşidilməyən, hərbi strukturdakı anomaliya" adlandıran Katz, bu addımın İsrail Müdafiə Ordusunun (SAXAL) qərəzsiz statusunu qorumaq üçün zəruri olduğunu qeyd edib.

Yisrael Katzın sözlərinə görə, ordu radiosu əsgərlərin və onların ailələrinin səsi olmaq üçün yaradılıb, lakin "bir çoxu SAXAL-a və əsgərlərinə qarşı yönəlmiş fikirlər üçün platformaya çevrilib." Nazir, xüsusilə müharibə dövründə bir çox əsgərin və mülki şəxsin, o cümlədən həlak olanların ailələrinin, radiostansiyanın onların maraqlarını təmsil etməməsindən və hərbi səylərə zərər verməsindən şikayətləndiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31