Ermənistan parlamentində iqtisadi artım mübahisəsi: “Niyə Gürcüstan bizdən irəlidədir?” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanda 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentdə iqtisadi göstəricilər ətrafında gərgin debat yaşanıb.

Müxalif "Ermənistan" blokunun deputatı Artur Xaçatryan bildirib ki, son illərdə ölkədə iqtisadi artım müşahidə olunsa da, göstəricilər 2019-cu illə müqayisədə pisləşib. O xatırladıb ki, baş nazir Nikol Paşinyan bir vaxtlar Ermənistanın ÜDM-nin Gürcüstanı geridə qoyduğunu bəyan etmişdi.

"Beynəlxalq Valyuta Fondunun oktyabrda dərc etdiyi məlumatlara əsasən, hazırda Ermənistanın adambaşına düşən ÜDM-i 8 970 dollar, Gürcüstanınkı isə 10 130 dollardır," - deyə Xaçatryan vurğulayıb.

Maliyyə naziri Vahe Ovanesyan isə cavabında bildirib ki, Gürcüstanda son illərdə iqtisadi artım həqiqətən yüksək olub - bu il üçün təxminən 9% səviyyəsində gözlənilir. O əlavə edib ki, Ermənistanın adambaşına ÜDM-i 2018-ci illə müqayisədə iki dəfə artaraq 4,5 min dollardan 8,9 min dollara çatıb.

Lakin müxalif deputat bu izahatı qənaətbəxş saymayıb: "Biz xarici müsbət amillər fonunda belə, Gürcüstan kimi daxili resurslarla böyüyən ölkədən geri qalmışıq," - deyə Xaçatryan bildirib.

Nazir isə cavabında qeyd edib ki, Ermənistanın iqtisadi artımı Rusiyaya qarşı sanksiyaların nəticəsi deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31