Mamdani vəzifəyə başlamazdan əvvəl bu addımı ATACAQ

Nyu-York meri seçilən Zöhran Mamdani vəzifəyə başlamazdan əvvəl ABŞ prezidenti Donald Trampla əlaqə saxlamaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bunu Mamdani NBC-nin Nyu-York şöbəsinə verdiyi müsahibədə açıqlayıb:

"Vəzifəyə başlamağa hazırlaşarkən Ağ Evlə əlaqə saxlayacağam. Ona bu şəhəri evim adlandıranların hamısının xeyrinə işləmək niyyətində olduğumu və fürsət yaranarsa, bu məqsədə çatmaq üçün əməkdaşlıq etməyə hazır olduğumu deyəcəyəm. Lakin bu əməkdaşlıq Nyu-Yorklular üçün zərərlidirsə, mən buna qarşı çıxacağam".

Qeyd edək ki, Nyu-York şəhər meri seçkiləri 4 noyabrda baş tutub. Tramp sakinləri müstəqil namizəd Endryu Kuomoya səs verməyə çağırıb və kommunist hesab etdiyi Mamdani qalib gələrsə, Nyu-York şəhəri üçün federal vəsaitləri məhdudlaşdırmaqla hədələyib. Seçilmiş mer özünü "demokratik sosialist" hesab edir.

5 noyabrda "Fox News"a verdiyi müsahibədə Tramp Mamdaninin təşəbbüs göstərməli və ona müraciət etməli olduğunu bildirib. Amerika lideri həmçinin Nyu-Yorku sevdiyini və buna görə də yeni merin öz vəzifəsində uğur qazanmasını istədiyini bildirib. Lakin xəbərdarlıq edib ki, Mamdani Amerika administrasiyasına hörmətlə yanaşmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31