Rusiyalı milyarder cütlük ölü TAPILDI

Birləşmiş Ərəb Əmirliklərində rusiyalı kriptobloqer Roman Novak və onun həyat yoldaşı ölü halda tapılıb.

Bu barədə 2025-ci il 7 noyabrda "Komsomolskaya Pravda - Sankt-Peterburq" mənbəyi istintaq məlumatlarına istinadən xəbər yayıb. Cütlük bir aydan çox əvvəl yoxa çıxmışdı, onların meyitləri Dubay əmirliyinə aid Hatta şəhəri yaxınlığındakı səhralıq ərazidə aşkar olunub.

Cütlük oktyabrın əvvəlində Rusiyadakı qohumları ilə əlaqəni tam kəsib. Ailəsi Sankt-Peterburq hüquq-mühafizə orqanlarına müraciət edib.
Məlum olub ki, 2 oktyabrda Hattada Novak və həyat yoldaşı özlərini investor kimi təqdim edən naməlum şəxslərlə görüşüblər. Onların şəxsi sürücüsü cütlüyü Hatta gölünə aparıb, burada onlar başqa bir avtomobilə keçib və həmin vaxtdan onları heç kim görməyib.

Qohumları cütlüklə əlaqə saxlamağa çalışsalar da, telefonlar cavabsız qalıb. Sosial şəbəkə hesablarında da heç bir yenilənmə olmayıb. Sonradan yerli polis müəyyən edib ki, mobil telefonlardan son siqnal 4 oktyabrda Cənubi Afrikanın Keyptaun şəhərindən gəlib, bundan sonra cihazlar söndürülüb. Halbuki Novak ailəsinin Cənubi Afrikaya getmək planı barədə heç kimə məlumat verməmişdi və balaca iki övladlarını geridə qoymuşdular, bu isə onlara qətiyyən xas deyildi.

Bir aylıq axtarışlardan sonra noyabrın əvvəlində səhrada iki meyit tapılıb - bunların itkin düşmüş rusiyalı cütlük olduğu müəyyən edilib. Ölüm səbəbi - atəş açılma nəticəsində yaranan yaralar, həmçinin işgəncə izləri də aşkarlanıb.

Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə idarəsi cinayət işi başladıldığını təsdiqləyib. Əsas versiyaya görə, bu qaçırılma və pul tələb etmə hadisəsidir. Mənbələrin məlumatına görə, cinayətkarlar fidyə olaraq kriptovalyuta istəyiblər, lakin Novakın Binance və Bybit hesabları bloklandığı üçün ödəniş edə bilməyib. Bundan sonra cütlüyü öldürüblər.

Cütlük həmin gün hansısa "müqavilə" üçün yola düşüb. Hazırda istintaq aldadılmış investorların qisası, kriptosferada borc yığımı ilə məşğul olan mütəşəkkil cinayət qruplarının iştirakı və Cənubi Afrika kriminal dairələri ilə əlaqə kimi versiyaları araşdırır.

Cütlükdən geriyə 5 və 3 yaşlarında iki uşaq qalıb. Onlara Sankt-Peterburqdakı baba və nənə himayəçi təyin ediləcək.

İlkin məlumatlara görə, Novakı aldadılmış investorlar tapıb. Onlar Dubayda saxta adlarla gizləndiklərini müəyyən edib, özlərini yeni investor kimi təqdim edərək görüşə çağırıblar.
Cütlüyü bağlayaraq kriptocüzdanlara giriş tələb ediblər. Novak pulların olmadığını deyəndə isə onları güllələyib qaçıblar.
Mənbəyə görə, Rusiya Federasiyasının müxtəlif regionlarında bir neçə nəfər saxlanılıb.

Qeyd edək ki, 37 yaşlı Roman Novak kriptocəmiyyətdə Fintopio adlı layihənin müəllifi kimi tanınırdı - bu platforma ani P2P köçürmələr üçün yaradılmışdı.
2021-ci ildən etibarən o, investorlardan 500 milyon dollardan çox vəsait cəlb etmişdi. 2020-ci ildə Sankt-Peterburqda 4 milyon dollar mənimsədiyinə görə məhkəməyə verilmiş, 3 il şərti cəza almışdı. 2021-2023-cü illərdə Dubaya köçərək öz tokenini buraxmış, hətta Telegram Direktorlar Şurasının üzvü olduğunu iddia etmişdi, lakin bu məlumatı Pavel Durov təkzib etmişdi. 2024-2025-ci illərdə Fintopio layihəsinə 10 mindən çox investor cəlb olunub, lakin 2025-ci ilin martında komanda ödənişlər dayanıb deyə layihəni dondurub. Elə həmin ilin yayında Novak beynəlxalq axtarışa verilib. /olay.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31