ABŞ-Suriya dialoqu: 25 ildən sonra ilk addım, görüşün detalları
16:09 Dünya"Suriya prezidenti Əhməd əş-Şaraanın ABŞ-yə səfəri tarixi əhəmiyyət daşıyır. Bu, 25 il sonra prezident səviyyəsində ABŞ-yə ilk səfərdir".
Bu fikirləri Musavat.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Lalə Xəlilzadə bildirib.
Ekspert qeyd edib ki, hazırkı ABŞ administrasiyası tərəfindən Suriya rəhbərliyinə indiyə qədər görünməmiş müsbət yanaşma müşahidə olunur. Onun fikrincə, hegemon dövlət ABŞ tərəfindən bu cür münasibət Şaraa hökuməti üçün böyük üstünlükdür:
"Görüşdə hər iki ölkənin maraqlarını əks etdirən mövzular gündəmdə idi - Suriyanın İŞİD-ə qarşı koalisiyaya qoşulması, ABŞ-nin Suriyaya tətbiq etdiyi sanksiyaların ləğv olunması, İsrail ilə mümkün təhlükəsizlik müqaviləsi və s.
Suriyanı maraqlandıran əsas məsələ ABŞ tərəfindən Suriyaya tətbiq olunan sanksiyaların aradan qaldırılması idi. Bu, sanksiyaların aradan qaldırılması ilə bağlı ilk görüş deyildi. Bu ilin may ayında prezidentlərin görüşü əsnasında Tramp Suriyaya qarşı iqtisadi sanksiyaların ləğv olunduğunu elan etmişdi. Lakin ABŞ Konqresinin iqtisadi sanksiyaların əsasını təşkil edən "Sezar" qanunu var idi ki, onun ləğvi barədə qərar qəbul edilməmişdi. Bu da Suriyanın bərpası üçün ciddi maneə idi.
Eyni zamanda federal hökumətin bağlanma ehtimalının gündəmdə olması səbəbindən sözügedən qərarın qəbul ediləcəyi ehtimalı azalırdı. Bununla belə, ABŞ maliyyə nazirinin görüşdən sonrakı açıqlamasında Suriyaya qarşı bəzi iqtisadi sanksiyaların qaldırıldığı və "Sezar" qanunu üzrə sanksiyaların da 6 aylıq müddətə dayandırıldığı elan olundu. Təbii ki, bu, Suriyanın gələcəyi üçün böyük üstünlükdür.
Görüşün digər əsas məqamlarından biri Suriyanın İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulması barədə razılaşmanın müzakirəsi idi. ABŞ-nin əsas maraqlarından biri də bu idi. Əslində, görüşdən əvvəl ehtimal olunurdu ki, Suriya koalisiyaya tamhüquqlu üzv kimi qəbul olunacaq. Lakin açıqlamalardan məlum oldu ki, Suriya koalisiyaya yalnız siyasi səviyyədə qoşulur və razılaşmanın hərbi məzmunu yoxdur. Bu vəziyyət iqtisadi sanksiyalarda müsbət irəliləyiş olsa da, tam nəticəyə çatmamış proses olaraq qiymətləndirilir.
Hazırda Suriya Demokratik Qüvvələri ilə inteqrasiya məsələsi də müzakirə mövzusudur. Tam inteqrasiya başa çatmadığı üçün Suriyanın İŞİD-ə qarşı koalisiyaya qoşulması ziddiyyət təşkil edə bilər. Buna görə də Suriyanın koalisiyaya siyasi səviyyədə qoşulması inteqrasiya ilə birbaşa əlaqəli olduğu üçün müvəqqətidir və ehtiyatlı addım kimi dəyərləndirilir".
Ekspert vurğulayıb ki, görüş Suriya rəhbərliyi üçün böyük və önəmli addımdır:
"Simvolik əhəmiyyət daşısa da, məsələlər tam həllini tapmasa da, qarşıdakı dövrdə bu məsələlərin həll olunacağı və əhəmiyyətli dönüş nöqtəsi olacağı ehtimal oluna bilər. Bunu təkcə Suriya üçün yox, eyni zamanda Yaxın Şərq üçün də - İsrail və Suriya arasındakı məsələlərin həlli kontekstində də söyləmək olar. Görüş hər bir tərəf üçün müsbət dəyərləndirilə bilər.
Eyni zamanda ilin sonuna qədər bir neçə məsələnin mümkün həllinin şahidi ola bilərik. Nəticə etibarilə, mövcud vəziyyət qarşıdakı iki ayın Suriyanın gələcəyi üçün vacib olacağını deməyə əsas verir".