Qazaxıstan buğdası Azərbaycan vasitəsi ilə Ermənistan bazarına çatdı - “O çörəyi əvvəlcə mən yeyəcəyəm”

Xəbər verdiyimiz kimi, Azərbaycan 30 ildən sonra ilk dəfə Ermənistana tranzit yüklərin daşınmasına icazə verib. Nəticədə Qazaxıstandan yola düşən buğda qatarı Azərbaycanın ərazisindən keçərək Ermənistana çatıb.

Musavat.com xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan hadisəni sosial şəbəkədə şərh edərək, buğdadan bişiriləcək çörəyi ilk dadacaq şəxs olacağını bildirib:

"Həmin buğdadan bişirilən çörəyi əvvəlcə mən yeyəcəyəm".

Qazaxıstanın dördüncü sinif buğdasından ibarət 15 vaqonluq, təxminən 1000 tonluq yük Rusiya və Azərbaycan ərazisindən keçərək Gürcüstan vasitəsilə Ermənistana daxil olub.

Bu hadisə 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi zamanı kəsilmiş tranzit əlaqələrinin bərpasından sonra ilk nümunə kimi qiymətləndirilir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Qazaxıstana səfəri zamanı bəyan etmişdi ki, Ermənistana yüklərin tranziti ilə bağlı mövcud məhdudiyyətlər aradan qaldırılıb.

Dövlət başçısı bildirib ki, bu qərar regionda iqtisadi əlaqələrin bərpasına və etimad mühitinin yaranmasına xidmət edir:

"Azərbaycan tranzit imkanlarını regionun bütün ölkələrinin rifahı naminə açıq saxlayır. Biz əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətləri dəstəkləyirik".

Prezident İlham Əliyevin bu addımı Ermənistan hökuməti tərəfindən də müsbət qarşılanıb. Baş nazir Nikol Paşinyan Azərbaycan Prezidentinə təşəkkür edib və bunu "regionda iqtisadi normallaşmanın mühüm addımı" adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31