Malayziya sahillərində miqrantlarla dolu gəmi batdı: yüzlərlə itkin var

Malayziya sahillərində miqrant rohincalarla dolu gəmi qəzasında yeddi nəfər ölüb, yüzlərlə insan itkin düşüb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Myanmadan olan qaçqın rohincaları daşıyan gəmi Malayziyaya doğru girmiş. Taylandla dəniz sərhədi yaxınlığında gəminin sərnişinləri üç kiçik qayığa köçürülüb. Bu, sahil mühafizəsi tərəfindən aşkarlanmamaq üçün edilib. Hər qayıqda təxminən yüz nəfər olub.

Qayıqlardan biri batıb, nəticədə yeddi nəfər ölüb. Yalnız 13 nəfər xilas edilib. Qalanlarının taleyi məlum deyil. Digər iki qayığın yeri barədə hələlik məlumat yoxdur.

Axtarış və xilasetmə xidmətləri əməliyyatı davam etdirir. Əməliyyatda Malayziya və Taylanddan olan qruplar iştirak edir. Mütəxəssislər sağ qalanları tapmaq ümidi ilə sahil sularında axtarış aparırlar.

Rohincalar Myanmada təqib olunan müsəlman azlıqdır. 2017-ci ildə Myanma ordusu tərəfindən kütləvi repressiyalar başlayandan bəri 1 milyondan çox insan ölkəni tərk etmək məcburiyyətində qalıb. Onların əksəriyyəti Banqladeşdəki həddindən artıq izdihamlı qaçqın düşərgələrində yaşayır və təhlükəsizlik axtarışında Cənub-Şərqi Asiyanın digər ölkələrinə çatmağa çalışırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31