Vaşinqton Bağdada xəbərdarlıq etdi: İranı özünüzdən uzaqlaşdırın, yoxsa...

Vaşinqton Bağdada xəbərdarlıq edib ki, İraqın gələcək hökumətində hansısa nazirlik İrana bağlı silahlı qruplara verilsə, ABŞ bu hökuməti rəsmi şəkildə tanımayacaq.

Olaylar xəbər verir ki, bu barədə İraq Kürd Muxtariyyətindəki mənbələrə istinadla "Iran International" məlumat yayıb.

"Şiə və kürd qüvvələri bu məsələdə razılığa gəliblər ki, prezident postu kürdlərə məxsusdur və İran da bu mövqeyə qarşı deyil. Amma baş nazir postunun bir sünni fiqura verilməsi Tehranda narahatlıq yaradar", - mənbə qeyd edib.

O əlavə edib ki, bütün şiə qruplar Məhəmməd Sudaninin yenidən baş nazir olmasına qəti şəkildə qarşıdırlar. Həmin mənbənin sözlərinə görə, əvvəlki dövrlərdən fərqli olaraq, İran artıq baş nazirin təyin edilməsində əvvəlki qədər təsirə malik olmayacaq, bu dəfə ABŞ və Avropa ölkələri bu prosesdə daha fəal rol oynayacaq.

"Reuters"in yazdığına görə, Sudani parlament seçkiləri öncəsi artan ictimai dəstək fonunda özünə daha çox inam qazanıb və silahlı qruplar da daxil olmaqla digər siyasi qüvvələrlə açıq rəqabətə girib: "Sudani seçki kampaniyasında ictimai xidmətlərin yaxşılaşdırılmasına diqqət yetirir və Bağdadın Vaşinqton və Tehranla münasibətlərini balanslı saxlaya bilən lider obrazı yaratmağa çalışır. 55 yaşlı baş nazirin parlamentdə çoxluq qazanacağı düşünülür".

Hazırda ABŞ-nin artan təzyiqləri fonunda İraq hökuməti İrana bağlı silahlı qrupların tərksilah edilməsi istiqamətində həssas bir mərhələyə qədəm qoyub. İraqlı mənbənin bildirdiyinə görə, "Kətaib Hizbullah" və "Ən-Nücəba" qruplarında narahatlıq və qeyri-müəyyənlik hökm sürür.

İsrail KİV bildirib ki, Tehran baş verənlərə uyğun olaraq İraqdakı qruplarını silahlandırır və onları İsraillə mümkün qarşıdurmaya hazırlayır. Mənbələrə görə, Livan, Suriya və Qəzza zolağında "müqavimət oxu"nun aldığı zərbələrdən sonra İran öz hərbi təsir mərkəzini İraqa keçirməyə çalışır. Son həftələrdə Tehranın bu qruplara dəstəyi artıb və diqqət onlara daha müasir silahların göndərilməsinə yönəlib.

ABŞ-nin İraq üzrə nümayəndəsi Mark Safaya bəyan edib ki, Vaşinqton Bağdadın İran və onun proksi qüvvələrinə qarşı mübarizəsini dəstəkləyir. Safaya vurğulayıb ki, İraqda hökumətdənkənar fəaliyyət göstərən bütün silahlı qruplar fəaliyyətini dayandırmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31