Ermənistanda vəkil hakimə qarşı ədalətsizlik ittihamı irəli sürüb – ÖZƏL

Ermənistanda vəkil Erem Sarkisyan Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyanın işi üzrə məhkəməyə sədrlik edən hakim Armine Meliksetyanı ədalətli məhkəmə araşdırması prinsiplərini pozmaqda ittiham edib. 

Olaylar.az xəbər verir ki, bu barədə vəkil sosial şəbəkələrdə məlumat yayıb.

Sarkisyanın sözlərinə görə, məhkəmə müdafiə tərəfinin sübutların olmaması və ciddi prosessual pozuntularla bağlı arqumentlərini nəzərə almayıb. O bildirib ki, hakim prosesin əvvəlindən Ajapaxyan barəsində ittiham hökmü çıxarmağa meylli olub.

"Məhkəmə istintaqının başlanması özü qanunsuz idi və bu, cinayət təqibinin dayandırılması üçün əsas sayılmalı idi. Biz bu barədə vəsatət təqdim etdik, lakin onun baxılması dəfələrlə təxirə salındı", - deyə Sarkisyan vurğulayıb.

Vəkil əlavə edib ki, məhkəmə işin başlanmasının qanuniliyini araşdırmadan ittiham hökmü çıxarıb və müdafiə tərəfinin əsas arqumentlərinə hüquqi qiymət verməyib. Bu isə, onun fikrincə, məhkəmənin qərəzli olduğunu göstərir.

Qeyd edək ki, Ermənistanda hakimiyyətlə Ermənistan Apostol Kilsəsi (EAK) arasında gərginlik fonunda bir neçə din xadimi - arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Ajapaxyan, yepiskop Mkrtıç Proşyan, eləcə də Muqni kəndindəki Surb Gevork monastırının rəhbəri Qaregin Arsenyan həbs olunub. Bundan əlavə, artıq keçmiş keşiş Stepan Asatryanın müraciəti əsasında, onu müxalifət mitinqlərində iştirak etməyə məcbur etdikləri iddiası ilə EAK barədə cinayət işi açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31