Orban: “Budapeştdə Rusiya–ABŞ sammitinin keçiriləcəyinə inanıram”- ÖZƏL
14:03 DünyaMacarıstanın baş naziri Viktor Orban Budapeştdə yeni Rusiya-ABŞ sammitinin baş tutacağına inandığını bildirib. O, bunun Ukraynadakı münaqişənin tezliklə həllinə gətirib çıxaracağına dair qəti fikir söyləməyin hələ mümkün olmadığını qeyd edib.Olaylar.az xəbər verir ki, Orban bu fikirləri Vaşinqtondan yayımlanan "Kossuth" radioproqramında səsləndirib. O, cümə günü ABŞ prezidenti Donald Tramp tərəfindən Ağ Evdə qəbul olunacaq. Baş nazirin sözlərinə görə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü üçün tərəflərin həll etməli olduğu cəmi bir-iki məsələ qalıb. "Əgər bu məsələlər razılaşdırılsa, bir neçə gün ərzində Budapeştdə sülh sammiti keçirilə bilər. Bundan sonra tərəflərin razılaşmasına uyğun olaraq Ukraynada atəşkəs və sülhyaratma prosesi başlaya bilər", - deyə Orban "Magyar Nemzet" qəzetinə müsahibəsində söyləyib.
Vaşinqtona səfəri öncəsi Orban bildirmişdi ki, Ağ Evdə keçiriləcək görüşün əsas mövzularından biri Ukrayna münaqişəsinin həlli yolları olacaq. O, həmçinin Tramp ilə görüşünün yeni Rusiya-Amerika sammitinin təşkilinə yaxınlaşdıra biləcəyinə ümid etdiyini vurğulayıb.