ABŞ konqresmenindən Gürcüstan siyasətinə sərt tənqid: “Qorxuncdur” – ÖZƏL
10:03 DünyaAmerikalı Konqresmen Co Uilson Gürcüstan Baş Prokurorluğunun müxalifət liderlərinə qarşı başlatdığı yeni cinayət təqiblərini kəskin şəkildə pisləyib.
Olaylar.az xəbər verir ki, konqresmen Co Uilson X sosial şəbəkəsində yazıb ki, "Gürcü Arzusu" partiyasının standartlarına görə belə, müxalifət liderlərinə qarşı irəli sürülən yeni siyasi motivli ittihamlar dəhşətlidir.
Uilsonun sözlərinə görə, "Bu xəstə davranış onların Moskva və Pekindəki himayədarlarının taktikasını əks etdirir."
O əlavə edib: "Anti-Amerika "Gürcü Arzusu" rejimi öz xalqına xəyanət edərək Moskva, Tehran və Pekinə tərəf meyl edir."
Gürcüstan Baş Prokurorluğu Mixeil Saakaşvili, Giorgi Vaşadze, Nika Gvaramiya, Nika Meliya, Zurab Caparidze, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı cinayət təqibinə başlayıb.
Prokurorluğun məlumatına görə, iş dövlət əleyhinə olan cinayətlərlə bağlıdır, o cümlədən: Sabotaj; Xarici dövlətin düşmənçilik fəaliyyətinə köməklik etmə; Konstitusiya quruluşuna və milli təhlükəsizliyin əsaslarına qarşı yönəlmiş fəaliyyətin maliyyələşdirilməsi; Konstitusiya quruluşunu güc yolu ilə dəyişdirməyə və ya Gürcüstanın dövlət hakimiyyətini devirməyə çağırışlar.