ABŞ – Qazaxıstanın əsas investoru: Yeni 17 milyard dollarlıq razılaşmalar – ÖZƏL

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, ABŞ Qazaxıstan iqtisadiyyatına ən böyük sərmayə yatıran ölkədir - yatırımların ümumi həcmi 100 milyard dollardan çoxdur. O, həmçinin 17 milyard dollarlıq yeni müqavilələrin imzalandığını açıqlayıb.

Olaylar.az xəbər verir ki, Akoradan verilən məlumata görə, Tokayev son illərdə iki ölkə arasındakı ticarət dövriyyəsinin iki dəfə artaraq 5 milyard dollara yaxınlaşdığını qeyd edib. Prezident vurğulayıb ki, Qazaxıstanda artıq 600-dən çox Amerika şirkəti fəaliyyət göstərir və ölkə ABŞ-nin uran tələbatının dörddə birini təmin edir.

Tokayev bildirib ki, hazırkı səfər çərçivəsində Qazaxıstan və ABŞ şirkətləri arasında 17 milyard dollardan artıq dəyəri olan sazişlər imzalanıb. O, ABŞ biznesini ölkəsində yaradılmış əlverişli investisiya şəraitindən yararlanmağa çağırıb və xarici investorların fəaliyyətinə şəxsən dəstək verəcəyini vurğulayıb.

Prezident əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq potensialı enerji, strateji minerallar, sənaye, nəqliyyat, maliyyə, süni intellekt və təhsil kimi sahələri əhatə edir və ümumilikdə 500 milyard dollardan çox dəyərləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31