Ukrayna uğrunda könüllü döyüşən neçə Azərbaycan vətəndaşı həlak olub: SİYAHI YAYILDI

 

 
  •  
  •  
  •  
  •  

Musavat.com xəbər verir ki, 2025-ci il oktyabrın 27-nə olan məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşərək həlak olan xarici könüllülər arasında 65 ölkənin vətəndaşları qeydə alınıb. Siyahı ukraynalı iqtisadçı Roman Şeremet tərəfindən açıqlanıb. Məlumata əsasən, döyüşlərdə ən çox itki Kolumbiya (348 nəfər), ABŞ (100 nəfər) və Gürcüstan (91 nəfər) vətəndaşları arasında qeydə alınıb. Azərbaycan bu siyahıda 37 nəfər həlak olmuş döyüşçü ilə ilk onluqda yer alır.

Lakin Musavat.com -a görə bu məlumat tam deyil, həlak olan soydaşlarımızın sayı daha çoxdur.

Ukrayna tərəfdə döyüşən azərbaycanlı könüllülərin əksəriyyətinin motivasiyası ideoloji, siyasi və milli həmrəylik amilləri ilə izah olunur. Onlar Ukraynanın ərazi bütövlüyünün müdafiəsinə dəstək məqsədi ilə müharibəyə qatılıblar. Ukrayna cəmiyyətində və yerli könüllü batalyonlarında azərbaycanlı döyüşçülərin igidliyi və nizam-intizamı bir neçə dəfə qeyd olunub.

9c1d6081-3c3a-44dc-a2e9-cc7fcf75e5a5.jpg (93 KB)

Lakin mənzərənin digər tərəfi də mövcuddur. Azərbaycanlılar həmçinin Rusiya ordusunun tərkibində də Ukraynaya qarşı döyüşürlər. Onların böyük hissəsi könüllü yox, muzd qarşılığında xidmətə cəlb olunan şəxslərdir. Burada söhbət əsasən Rusiyada yaşayan, sosial-iqtisadi çətinliklər səbəbindən orduya yazılan miqrantlardan gedir. Müxtəlif araşdırmalara və region mətbuatına əsasən, Rusiya ordusunun tərkibində döyüş zamanı həlak olan azərbaycanlıların sayı yüzlərlədir. Bəzi qeyri-rəsmi məlumatlarda bu rəqəmin min nəfəri keçdiyi də iddia olunur.

Cəmiyyətdə bu iki kateqoriyaya münasibət də fərqlidir. Ukrayna tərəfində döyüşüb həlak olan azərbaycanlılar cəmiyyətdə hörmətlə və şəhid statusuna bənzər mənəvi dəyər ilə xatırlanırlar. Rusiya ordusunda muzdlu kimi döyüşən və həlak olanlar barədə isə münasibət soyuqdur və onlar geniş ictimai rəğbət qazanmayıblar. Bu fərq yalnız siyasi baxışlarla deyil, həm də müharibədə iştirak motivasiyasının mahiyyəti ilə bağlıdır.

Müharibə Azərbaycanın müxtəlif ölkələrdə yaşayan insanlarının taleyinə də təsir göstərir. Eyni xalqın nümayəndələrinin fərqli bayraqlar altında bir-birinə qarşı cəbhələrdə yer alması postsovet miqrant reallığının, iqtisadi təzyiqlərin və geosiyasi proseslərin ağır nəticələrindən biri kimi qiymətləndirilir. Bu vəziyyət həmçinin müharibənin yalnız sərhədləri deyil, taleləri də ayırdığını göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31