Brüssel hava limanında dron insidentlərinə görə 54 reys ləğv edildi- ÖZƏL

Belçikanın paytaxtında yerləşən Brüssel Hava Limanında noyabrın 5-də ümumilikdə 54 reys ləğv edilib. Buna gecə saatlarında hava məkanında naməlum dronların müşahidə olunması səbəbindən bir sıra təyyarələrin digər hava limanlarına yönləndirilməsi yol açıb. Olaylar.az xəbər verir ki, məlumatı Belga agentliyi hava limanının mətbuat xidmətinə istinadən yayıb. Rəsmi məlumata görə, ləğv edilən reyslərin 22-si uçuş, 32-si isə eniş idi. Noyabrın 4-də ölkənin bütün hava limanları saat 20:00-22:00 aralığında (Bakı vaxtı ilə 23:00-01:00) dron təhlükəsinə görə müvəqqəti bağlanıb. Bu səbəbdən bir çox təyyarə Maastricht və Köln hava limanlarına yönləndirilib. Brüssellə Köln arasında uçuş məsafəsi bir saata yaxın olsa da, vəziyyəti çətinləşdirən amil hava limanının gecə rejimidir. Brüssel hava limanı 00:00-dan 05:00-dək səs-küyün azaldılması üçün fəaliyyətini dayandırır. Buna görə də yönləndirilmiş təyyarələrin geri qayıtması yalnız səhər saatlarından mümkün olub və nəticədə bir çox reys ləğv edilməli olub.
Belçikanın müdafiə naziri Teo Franken bildirib ki, dronlar yalnız üç mülki hava limanı - Brüssel, Liej və Şarleruada deyil, həm də Florennes hərbi aviabazası (burada ABŞ-dan alınan F-35 qırıcıları yerləşir) və Kleine-Brogel bazası (ABŞ-ın taktiki nüvə silahı saxlanan ərazi) üzərində də qeydə alınıb. Hadisələrin ciddiliyini nəzərə alan baş nazir Bart De Vever noyabrın 6-da Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağıracağını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31