İsrail nazirindən Nyu Yorkun yeni bələdiyyə sədri Zöhran Məmdaniyə sərt reaksiya: “HƏMAS tərəfdarı” – ÖZƏL
15:57 DünyaOlaylar.az xəbər verir ki, İsrailin Diaspora və Antisemitizmlə Mübarizə Naziri Amiçay Çikli, Nyu York şəhərinin ilk müsəlman bələdiyyə sədri (meri) seçilən Zöhran Məmdanini sərt şəkildə tənqid edərək onu "HƏMAS tərəfdarı" adlandırıb.
Nazir, Nyu Yorkun bu seçimini kəskin şəkildə pisləyib. O, şəhərin "qlobal azadlıq simvolu olduğu dövrdən sonra açarlarını HƏMAS tərəfdarının əlinə verməsini" və Məmdaninin "25 il əvvəl üç min sakini öldürən cihadçı fanatiklərdən uzaq olmadığını" bildirib.
Çiklinin fikrincə, bu seçim Nyu Yorkun XIX əsrin sonlarından etibarən çox sayda yəhudi qaçqına azadlıq və uğur qazanmaq imkanı verən bir yer kimi bünövrəsini sarsıdır.
Nazir qeyd edib ki, bu vəziyyət qəfil baş verməyib. Bu, Qətər pulları ilə zəbt olunmuş kampuslardakı antisiyonist atmosferlə başlayıb, CUNY, NYU və xüsusilə Kolumbiya Universitetində HƏMAS tərəfdarlarının zorakı etirazları ilə davam edib və "apogeyə HƏMAS təcavüzkarlarının və qatillərinin sonuncu xuliqan tərəfdarının şəhərin bələdiyyə sədri seçilməsi ilə" çatıb.
O, Nyu Yorkun "əvvəlki kimi olmayacağını, xüsusilə yəhudi icması üçün" ifadə edib. Nazir şəhərin Londonun artıq düşdüyü "uçuruma doğru açıq gözlə getdiyini" iddia edib.
İsrail naziri Nyu Yorkdakı yəhudiləri "yeni yerlərini İsraildə möhkəmləndirməyi ciddi şəkildə düşünməyə" dəvət edib.