Cənubi Koreyanın keçmiş birinci xanımı bahalı hədiyyələr aldığını etiraf edib- ÖZƏL
14:41 DünyaCənubi Koreyanın keçmiş birinci xanımı Kim Gon Xi ilk dəfə olaraq tanınmış brendə məxsus iki bahalı çantanı hədiyyə kimi aldığını etiraf edib. Olaylar.az xəbər verir ki, bu barədə Yonhap agentliyi keçmiş prezident Yun Sok Yolun həyat yoldaşının vəkillərinə istinadən məlumat yayıb.
Vəkillərin yaydığı açıqlamaya görə, Kim Gon Xi hədiyyələri şaman Çon Son Beden aldığını qəbul etsə də, onunla hər hansı sövdələşmənin, eləcə də Birlik Kilsəsi ilə bağlı hər hansı qeyri-rəsmi razılaşmanın mövcudluğunu qəti şəkildə təkzib edir. O, həmçinin dəyəri 62 milyon von (təxminən 42,3 min dollar) olan bahalı boyunbağı aldığı barədə iddiaları rədd edib. Məlumata görə, keçmiş birinci xanım əvvəlcə iki çantanın qəbulundan imtina edib, lakin sonradan şamanın israrlı təkidlərinə boyun əyib. İstintaqın versiyasına əsasən, Çon Son Be bu hədiyyələri 2022-ci ilin aprel və iyul aylarında Birlik Kilsəsinin tapşırığı ilə təqdim edib. Kilsə Yun Sok Yolun seçkidə qələbəsindən sonra Kim Gon Xidən biznes məsələlərində kömək gözləyib. Hədiyyə edilən çantalardan biri 8 milyon von (5,5 min dollar), digəri isə 12 milyon von (8,3 min dollar) dəyərində olub.
Vəkillər bildiriblər ki, Kim Gon Xi dövlət qulluqçusunun həyat yoldaşı kimi daha ehtiyatlı davranmalı olduğunu anlayır və hədiyyəni qəbul etməklə səhvə yol verdiyini qəbul edir. Onların sözlərinə görə, həmin çantalar istifadə olunmayıb və daha sonra geri qaytarılıb.
Qeyd edək ki, Kim Gon Xi 12 avqustdan korrupsiya və qiymətli kağızlarla bağlı dələduzluq ittihamları üzrə həbsdə saxlanılır. Onun həyat yoldaşı, keçmiş prezident Yun Sok Yol isə dövlət çevrilişi cəhdində ittiham olunaraq iyul ayından istintaq təcridxanasındadır.