Çin ABŞ məhsullarına əlavə gömrük rüsumlarının tətbiqini dayandırır – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Sinxua" agentliyinin məlumatına görə, Çin Xalq Respublikasının Dövlət Şurası yanında Gömrük Rüsümləri Komitəsi Çinin ABŞ-dən idxal olunan məhsullara tətbiq edilən 24 faizlik əlavə rüsumun bir illik dayandırılmasını uzadacaq, 10 faizlik dərəcəni isə qüvvədə saxlayacaq.

Komitənin çərşənbə günü yayımladığı bəyanatda bildirilib ki, bu düzəliş 2025-ci il noyabrın 10-u Bakı vaxtı ilə 13:01-dən qüvvəyə minəcək.
Komitə qeyd edib ki, bu addım Çin-ABŞ ticarət-iqtisadi məsləhətləşmələri zamanı əldə edilmiş nəticələrin və konsensusun həyata keçirilməsinə yönəlib. Çin və ABŞ arasında müəyyən əlavə rüsumların dayandırılmasının uzadılması ikitərəfli ticarət-iqtisadi münasibətlərin sağlam, sabit və davamlı inkişafına töhfə verəcək, hər iki ölkənin xalqları üçün faydalı olacaq və qlobal rifaha öz töhfəsini verəcək.

Həmçinin, Dövlət Şurası yanında Gömrük Rüsümləri Komitəsi çərşənbə günü elan edib ki, 2025-ci il noyabrın 10-u Bakı vaxtı ilə 13:01-dən etibarən Çin mart ayında yayımlanmış bildirişdə nəzərdə tutulan, mənşə ölkəsi ABŞ olan bəzi idxal malları ilə bağlı əlavə gömrük rüsumu tədbirlərinin qüvvəsini dayandıracaq.

Mart ayında yayımlanmış əvvəlki bildirişə əsasən, Çin ABŞ-dən idxal olunan toyuq əti, buğda, qarğıdalı və pambığa 15 faiz əlavə gömrük rüsumu tətbiq etmək qərarı vermişdi. Sorqo, soya, donuz əti, mal əti, su məhsulları, meyvələr, tərəvəzlər və süd məhsullarına isə 10 faiz əlavə gömrük rüsumu tətbiq edilirdi.

Komitə vurğulayıb ki, Çin və ABŞ arasında müəyyən əlavə gömrük rüsumlarının dayandırılması hər iki ölkənin və onların xalqlarının fundamental maraqlarına cavab verir, beynəlxalq birliyin gözləntilərinə uyğundur və ikitərəfli ticarət-iqtisadi münasibətlərin daha yüksək səviyyəyə çıxarılmasına kömək edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31