Cefri Saks: “ABŞ paxıllıq səbəbindən Çinin iqtisadi yüksəlişini əngəlləməyə çalışır”- ÖZƏL

ABŞ Çinin iqtisadi artımını yalnız qlobal üstünlüyünü qorumaq məqsədi ilə məhdudlaşdırmağa çalışır. Bu fikri Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru Cefri Saks Honqyao Beynəlxalq İqtisadi Forumuna videomüraciətində səsləndirib. Olaylar.az xəbər verir ki, Saks bildirib ki, Birləşmiş Ştatlar son illər ərzində Çinə qarşı ardıcıl şəkildə müxtəlif sanksiyalar, gömrük rüsumları və texnoloji məhdudiyyətlər tətbiq edib. Onun sözlərinə görə, bu siyasət hər hansı əsaslı səbəbə deyil, "paxıllığa və mənasız siyasi motivlərə" söykənir: "ABŞ açıq ticarətdən siyasi səbəblərə görə imtina edir. Bu, paxıllıqdan irəli gəlir və heç bir legitim əsas daşımır," - deyə o vurğulayıb. Ekspert ABŞ-ın bu yanaşmasının köklərinin 2015-ci ildə Amerika Xarici Əlaqələr Şurasının dərc etdiyi strateji sənəddən qaynaqlandığını xatırladıb. Həmin sənəddə ABŞ-ın qlobal sistemdə liderliyinin saxlanmasının XXI əsr üçün əsas strateji məqsəd olduğu qeyd olunur. Həmçinin sənəddə ABŞ və müttəfiqlərinin Çin qarşısında texnoloji üstünlüyünü qorumaq üçün nəzarət mexanizmlərinin gücləndirilməsi tövsiyə edilir.
Cefri Saksın sözlərinə görə, ABŞ-ın Çinə qarşı apardığı siyasət artıq 10 ildir davam edir, lakin gözlənilən nəticəni vermir: "Bu yanaşma ABŞ iqtisadiyyatını özündən təcrid edir və nəticədə ölkənin düşmənlərinin sayını artırır," - deyə o qeyd edib. Saks həmçinin qeyd edib ki, hazırkı administrasiyanın ticarət siyasəti aqressivdir və ümumi rifahın maraqlarına ziddir.
Bəyanatlar Şanxayda keçirilən 8-ci Çin Beynəlxalq İdxal Sərgisi (CIIE) çərçivəsində təşkil olunan Honqyao Beynəlxalq İqtisadi Forumunda səsləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31