Çinli ekspert: “Ermənistan böyük Avrasiya dəhlizlərinə sərfəli şəkildə qoşula bilər”- ÖZƏL
13:34 DünyaÇin 2029-cu ilə qədər Transsibir milli beynəlxalq nəqliyyat dəhlizinin yükdaşıma qabiliyyətini artırmağı planlaşdırır və Ermənistan bu dəhlizə regional şəbəkə yaratmaqla inteqrasiya edə bilər. Olaylar.az xəbər verir ki, bu barədə Çinin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun eksperti Van Syaosüan noyabrın 5-də keçirilən "Orbeli - 2025" beynəlxalq forumunda bildirib. Ekspert qeyd edib ki, gələcəkdə İranın paytaxtı Tehranla İrəvanı birləşdirən dəmir yolunun tikintisini davam etdirmək və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu vasitəsilə Çinə çıxışı təmin etmək mümkündür. Onun fikrincə, bu iddialı layihə yeni Avrasiya nəqliyyat koridorunun formalaşmasına səbəb ola bilər. Van Syaosüan həmçinin Çin-Avropa quru dəhlizini (Avrasiya quru körpüsü) xatırladaraq bildirib ki, Ermənistan bu layihədə regional qovşaqlardan birinə çevrilə bilər: "Lakin hazırda regiondakı vəziyyət buna mane olur. Çin Cənubi Qafqazda sülhün qorunmasına dəstək verməyə hazırdır", - deyə o vurğulayıb. Ekspert əlavə edib ki, Ermənistan mühüm geo-iqtisadi mövqeyə malikdir.
O, Çin və Ermənistan arasında strateji tərəfdaşlıq barədə birgə bəyanata da toxunub. Həmin sənəddə Ermənistanın "Bir kəmər, bir yol" təşəbbüsünün ilk tərəfdaşlarından biri kimi bu layihəni "Sülhün Kəsişməsi" konsepti ilə uzlaşdırmağa hazır olduğu qeyd olunur. Ekspertin sözlərinə görə, qlobal vəziyyətin mürəkkəbliyi fonunda bu iki layihənin inteqrasiyası regional iqtisadi əməkdaşlığı gücləndirməklə yanaşı, sülhə, siyasi etimada və mədəni mübadiləyə də töhfə verə bilər.