Ararat Mirzoyan: "Tramp Marşrutu" çərçivəsində Amerika nümayəndə heyətlərinin səfərləri ola bilər – ÖZƏL
12:39 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan noyabrın 5-də parlamentdə jurnalistlərlə söhbətində "Tramp Marşrutu" proqramı çərçivəsində Amerika nümayəndə heyətinin səfərlərinin gözlənilib-gözlənilməməsi sualına cavab verib.
Nazir bildirib ki, yəqin ki, hansısa məqamda Amerika nümayəndə heyətinin səfərləri olacaq: "Konkret formal planda ikitərəfli işçi qrupunun yaradılmasına ehtiyac olub-olmadığını bilmirəm. Əgər olarsa, formalaşacaq. Müzakirələr gedir. "Tramp Marşrutu" çərçivəsində müxtəlif infrastrukturlar işə salına bilər," - Mirzoyan vurğulayıb.
XİN başçısı, marşrutun dairəsinin artıq dəqiq olub-olmaması sualına belə cavab verib: "Dəqiq olan odur ki, dəmir yolu, qaz kəməri, neft kəməri, elektrik xətləri ola bilər. Bütün bunlar müzakirə edilə bilər."
Jurnalistlər "Tramp Marşrutu" proqramının konsorsiuma üçüncü tərəfin də daxil olmasını nəzərdə tutduğunu qeyd ediblər. Üçüncü tərəf barədə artıq nəsə məlum olub-olmaması sualına Mirzoyan aydınlıq gətirib: "Biz bu kontekstdə üçüncü tərəf dedikdə ölkəni, hökuməti nəzərdə tutmuruq. Bizim nəzərdə tutduğumuz budur ki, Ermənistan və ABŞ bu tikinti hüququna malik olacaq bir şirkət yaradacaqlar."