İranda təhlükəsizlik ittihamları ilə həbs olunan iki fransız vətəndaşı sərbəst buraxılıb – ÖZƏL

İran Xarici İşlər Nazirliyi (XİN) təhlükəsizliklə bağlı ittihamlarla həbsdə olan iki Fransa vətəndaşının əlavə məhkəmə araşdırması gözlənilənədək zaminə buraxıldığını təsdiqləyib.

Olaylar.az xəbər verir ki, Mehr agentliyinin məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai çərşənbə günü bildirib ki, bir müddət əvvəl təhlükəsizlik pozuntuları ilə bağlı ittihamlarla saxlanılan iki Fransa vətəndaşı şərti olaraq sərbəst buraxılıb.

"Təhlükəsizlik sahəsində hüquq pozuntuları törətməkdə ittiham olunaraq bir müddət həbsdə qalan bu iki Fransa vətəndaşı, iclas sədri olan hakimin əmri ilə zaminə buraxılıb," - Bəqai jurnalistlərin suallarını cavablandırarkən deyib.

XİN sözçüsü əlavə edib ki, hər iki şəxs məhkəmə araşdırmasının növbəti mərhələsinə qədər nəzarət altında qalacaq.

Daha əvvəl Fransa Prezidenti Emmanuel Makron iki Fransa vətəndaşının Tehranın Evin həbsxanasından azad edildiyini elan etmişdi. Makron, onların tezliklə vətənə qaytarılması üçün işlərin aparıldığını bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31