Nigeriya XİN Trampın ittihamlarına cavab verdi: “Ölkəmizdə dini zəmində təqib mümkün deyil”- ÖZƏL
14:37 DünyaNigeriya Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın ölkədə xristianlara qarşı təqiblərlə bağlı səsləndirdiyi iddialara münasibət bildirib. Olaylar.az xəbər verir ki, nazir Yusif Tuqqar Berlində keçirdiyi mətbuat konfransında Nigeriyanın konstitusiyasının dini azadlıqları açıq şəkildə təmin etdiyini vurğulayıb.
"Konstitusiyamızda dini etiqad azadlığı təsbit olunub. Regional qanunvericilikdə də bu azadlıqlar xüsusi olaraq qorunur. Bu sənəd bütün suallara cavab verir," - deyə Tuqqar bəyan edib və konstitusiyanı jurnalistlərə göstərərək Nigeriyada dini zəmində təqibin mümkün olmadığını qeyd edib.
Xatırladaq ki, Tramp 1 noyabrda Pentaqona Nigeriyada xristianların müdafiəsi məqsədilə "potensial güc tədbirlərinin" hazırlanması ilə bağlı göstəriş verdiyini açıqlamışdı. O, xristianların ölkədə "ekzistensial təhlükə" ilə üzləşdiyini iddia etmişdi. Nigeriya Prezidenti isə həmin gün Trampın bəyanatını rədd edərək bildirib ki, ölkənin "dini dözümsüzlük" kimi təqdim olunması reallığa uyğun deyil. Tinubunun sözlərinə görə, hökumət bütün nigeriyalıların dini etiqad və vicdan azadlığını qorumaq üçün ardıcıl addımlar atır, xristian və müsəlman dini liderləri ilə açıq dialoqu davam etdirir və təhlükəsizlik təhdidlərinə dinindən və yaşayış yerindən asılı olmayaraq cavab verir.