İsveçdə yerli siyasətçilər miqrantların repatriasiyasında əməkdaşlıqdan imtina ediblər- ÖZƏL

İsveçdə yerli siyasətçilər miqrantların könüllü repatriasiyası barədə hökumətlə əməkdaşlıqdan imtina ediblər. Olaylar.az xəbər verir ki, Sveriges Radio-nun məlumatına görə, ölkənin 290 bələdiyyəsindən təxminən dörddə biri - 75 bələdiyyə sağ-mərkəzçi hökumətin bu sahədə əməkdaşlıq dəvətini rədd edib. Məlumata əsasən, bir çox yerli administrasiyalar hökumətin koordinatori Tereza Zetterblad ilə görüşə qatılmayıb. Onun vəzifəsi repatriasiya üçün nəzərdə tutulan maliyyə yardımının əhəmiyyətli dərəcədə artırılması barədə bələdiyyələri məlumatlandırmaq və daha çox insanı bu qrant üçün müraciət etməyə həvəsləndirmək idi. Əməkdaşlıqdan imtina edən bələdiyyələr arasında Stokholm, Yöteborq, Yokmokk və Vekşo kimi böyük kommunalar var. Bu kommunaların əksəriyyəti müxalifətdə olan sosial-demokratlar tərəfindən idarə olunur.
Stokholm bələdiyyəsinin sosial məsələlər və təhlükəsizlik üzrə müşaviri Aleksander Uyanne hökumətə göndərdiyi cavabda bildirib ki, belə bir təşəbbüs miqrantlarda "İsveçdə arzuolunmaz olduqları" barədə təsəvvür yarada bilər. 
Hökumət 1 yanvar 2026-cı ildən repatriasiya qrantının məbləğini kəskin artırmağı planlaşdırır: fərdlər üçün 25 min kronadan 350 min krona, ailələr üçün isə maksimum 600 min krona qədər. Bu vəsait uzun müddət işsiz qalan və müvəqqəti yaşayış icazəsi olan şəxslər üçün nəzərdə tutulub. Qrant həm vətənə qayıtmaq, həm də başqa ölkəyə köçmək üçün verilə bilər. Qeyd olunur ki, bu proqram Ukraynadan gəlmiş və Aİ-nin Müvəqqəti Qoruma Direktivinə əsasən İsveçdə olan şəxslərə şamil edilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31