Paşinyan: “Siyasi baxımdan münaqişə bitib, lakin cəmiyyətlərdə o hələ də davam edir” – ÖZƏL
11:13 DünyaErmənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında münaqişə siyasi baxımdan başa çatsa da, sosial-psixoloji müstəvidə hələ də davam edir. Olaylar.az xəbər verir ki, o, bu fikirləri noyabrın 4-də keçirilən "Orbeli: Sülhün qurulması və çoxtərəfli əməkdaşlıq" adlı beynəlxalq forumda səsləndirib.
Paşinyanın sözlərinə görə, iki ölkə arasında artıq sülh mövcuddur, lakin əsas çətinlik diplomatiyada deyil, "yeni reallığı dərk etməkdədir".
"Mən sülhdən danışanda bu, bir çoxlarına qəribə və yad görünür. Sülh həm Ermənistan, həm də Azərbaycan üçün yeni və tanış olmayan bir mühitdir", - deyə baş nazir vurğulayıb.
O qeyd edib ki, onilliklər boyu davam edən münaqişə hər iki xalqın bir-birinə münasibətini və milli kimliyini formalaşdırıb.
"Müstəqillikdən bəri cəmiyyətlərimiz sülh şəraitində yaşamağı bilməyib. Münaqişə bizim düşüncəmizi, siyasətimizi və xalqlar arasındakı münasibətləri müəyyənləşdirib", - Paşinyan əlavə edib.
Baş nazirin sözlərinə görə, münaqişənin siyasi cəhətdən bitməsi ictimai şüurun dərhal dəyişməsi demək deyil. Uzun illər davam edən düşmənçiliyin aradan qaldırılması üçün vaxt, dialoq və yeni yanaşmalar lazımdır.
Paşinyan həmçinin bildirib ki, Qarabağdan olan erməni köçkünlərin geri qayıtması "sülh üçün risk" yarada bilər, çünki bu məsələ "münaqişənin ilkin parametrlərinə" qayıdışı ifadə edir.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistan, Azərbaycan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həlli barədə birgə bəyannamə imzalayıblar. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bu günlərdə bildirib ki, hələlik sülh sazişinin imzalanacağı yer və tarix müəyyən edilməyib, lakin İrəvan bu mövzuda danışıqlara başlamağa hazırdır.