İran bombalanmış nüvə obyektlərini yenidən inşa edəcək - real addım yoxsa siyasi mesaj?- ÖZƏL

İran prezidenti Məsud Pezeşkian bildirib ki, İran ABŞ və İsrail tərəfindən bombalanmış nüvə obyektlərini yenidən inşa edəcək.
"Alimlərimizin şüurundadır, ABŞ və İsrail binaları və zavodları məhv etməklə bizə problemlər yaratmayacaqlar. Biz bu binaları yenidən inşa edəcəyik və onların imkanları daha böyük olacaq".
Prezident Pezeşkianın bombalanmış nüvə obyektlərini daha geniş imkanlarla yenidən inşa edəcəklərini bildirməsi İranın nüvə strategiyasında hansı real dəyişikliklərə işarə edir? Bu, Tehran üçün praktiki addımdır, yoxsa siyasi mesajdır? Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib: 
" 12 günlük müharibə zamanı ABŞ və İsrail İranın həm nüvə obyektlərini bombaladı, həm də nüvə alimlərini və yüksək vəzifə tutan hərbçilərini qətlə yetirdi. Lakin belə görünür ki, bu hərbi əməliyyatlar Təl-Əviv və Vaşinqton üçün yarımçıq qalıb və onlar başladıqları işi bitirmək niyyətindədirlər.
Elə bunu görən İran tərəfi də təhdid və şantaj dolu açıqlamalar verir və bildirilir ki, məhv edilən nüvə obyektləri yenidən inşa ediləcək və daha da güclənməsi ilə İran nüvə strategiyasına doğru hərəkət edəcəkdir.
Əlbəttə, bəzi hesablamalara görə İran tərəfinə dəymiş ziyan onun nüvə silahına yaxın olmasını çox çətinləşdirib və onu nüvə silahından daha da uzaqlaşdırıb. Tehran bu cür açıqlamalarla yalnız siyasi mesajlar verir, amma görünən budur ki, ABŞ-İsrail-İran xəttində çox ciddi gərginliklər vardır.
Digər tərəfə nəzər salanda görürük ki, İrana qarşı çox agresiv və sərt ritorika hələ də qalmaqdadır və bu cür açıqlamalar və ziddiyyətli bəyanatlar əlbəttə regionda yeni eskalasiyaların olacağına dəlalət edir, ən azından gərginlik bunu deməyə əsas verir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31