Paris katakombaları 6 aylıq təmirə bağlandı – açılış 2026-cı ilin yazına planlaşdırılır- ÖZƏL
12:19 DünyaParis katakombaları bu gündən etibarən ziyarətçilər üçün müvəqqəti olaraq bağlanıb. Qərarın səbəbi texniki sistemlərin yenilənməsi və tarixi məkanın qorunması üçün genişmiqyaslı təmir işləridir. Olaylar.az xəbər verir ki, katakombaların rəsmi saytında yayılan məlumata görə, təmir 3 noyabrda başlayıb və obyekt 2026-cı ilin yazında yenidən ziyarətə açılacaq. Bildirilir ki, layihə çərçivəsində elektrik şəbəkəsi tam yenilənəcək, ventilyasiya, yanğın təhlükəsizliyi və mühafizə sistemləri dəyişdiriləcək. Eyni zamanda, eksponatların təqdimatı yenilənərək, sümüklərdən ibarət labirintdə əvvəllər diqqətdən kənarda qalan detalları daha aydın görmək mümkün olacaq. Açılışdan sonra turistlər daha keyfiyyətli səsli bələdçi ilə təmin ediləcək - audioinformasiya əsas məntəqələrdə avtomatik aktivləşəcək.
Franceinfo-ya açıqlama verən katakombalar administrasiyasının nümayəndəsi İzabel Knafu bildirib ki, təmir işləri yalnız ziyarət təcrübəsini yaxşılaşdırmağa deyil, həm də yeraltında saxlanılan insan qalıqlarını qorumağa yönəlib. Onun sözlərinə görə, bəzi sahələrdə ilboyu su sızmaları müşahidə olunur və yüksək rütubət sümüklərdə mamırın yaranmasına səbəb olur:
"Əgər mamır daşın üzərindədirsə, bunun öhdəsindən gəlmək çətindir, amma mümkündür. Lakin mamır sümüklərin üzərində yarananda vəziyyət daha ciddi olur," - deyə o qeyd edib.
Bu problemin aradan qaldırılması üçün sızmaların tam dayandırılması, su yığımı sisteminin qurulması və qısa dalğalı işıqlandırmadan istifadə nəzərdə tutulur. Bundan əlavə, ventilyasiya sistemi də yenilənəcək, çünki turistlərin gətirdiyi bakteriya və karbon qazı mühitə mənfi təsir göstərir. Katakombalarda qoruma işlərinə qədim mağara rəsmlərinin mühafizəsi üzrə mütəxəssislər də cəlb ediləcək. Paris katakombaları XVIII-XIX əsrlərdə şəhərdə sanitar vəziyyəti yaxşılaşdırmaq məqsədilə yaradılıb. Buraya 6 milyon insanın müxtəlif qəbiristanlıqlardan gətirilmiş qalıqları yerləşdirilib. Ziyarətçilər adətən 1,7 kilometrlik qalereyanı gəzərək milyonlarla sümük və kəllə ilə düzülmüş divarları görə bilirlər.