Almaniya Kansleri İsrailin tələbini dəstəklədi: HƏMAS qalan girovların cəsədlərini təhvil verməlidir – ÖZƏL

Almaniyanın Kansleri Fridrix Merz İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı keçirib. Danışıq zamanı tərəflər Qəzza zolağındakı vəziyyəti müzakirə edib və Fələstinin HƏMAS hərəkatının qalan girovların cəsədlərini (qalıqlarını) təcili təhvil verməsinin vacibliyini vurğulayıblar.

Olaylar.az xəbər verir ki, bu barədə Almaniya Federal Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Kornelius jurnalistlərə məlumat verib.

Kornelius qeyd edib ki, Merz və Netanyahu "Qəzza zolağında atəşkəs rejimini daha da sabitləşdirmək yollarını müzakirə ediblər."

"Tərəflər razılaşdılar ki, humanitar yardım Qəzza sakinlərinə təhlükəsiz və kifayət qədər miqdarda çatdırılmalıdır. HƏMAS qalan girovların qalıqlarını dərhal təhvil verməlidir," - Kornelius vurğulayıb.

Qeyd edək ki, oktyabrın 9-da İsrail və HƏMAS, Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsinin həyata keçirilməsi barədə razılığa gəlmişdilər. Tramp planına əsasən, Qəzzada atəşkəs rejimi oktyabrın 10-da qüvvəyə minib.
Oktyabrın 13-də HƏMAS sağ qalan 20 israilli girovu azad etdi və 4 həlak olmuş əsirin qalıqlarını təhvil verdi. İsrail rəsmiləri radikalların 28 cəsəddən yalnız 4-nü qaytarmasından narazılıqlarını bildirmişdilər. Sonrakı günlərdə HƏMAS yəhudi dövlətinə daha bir neçə həlak olmuş şəxsin cəsədini təhvil vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31