Rebelión: “Burevestnik”in sınaqları Qərbi realizmə qaytaracaq- ÖZƏL

Olaylar.az xəbər verir ki, İspaniyanın "Rebelión" nəşri yazır ki, Rusiyanın nüvə enerji qurğusu ilə təchiz edilmiş, qeyri-məhdud uçuş məsafəsinə malik yeni "Burevestnik" qanadlı raketinin sınaqları Qərb siyasətçilərini "sakitləşdirəcək" və onları daha realist mövqedən çıxış etməyə məcbur edəcək.
Nəşrin fikrincə, bu xəbərdarlıq ilk növbədə Böyük Britaniya, Fransa və ABŞ-a aiddir. "Rebelión" qeyd edir ki, Rusiya təkcə nüvə başlıqlarının sayına görə deyil, həm də bu yeni raket sistemi sayəsində digər nüvə dövlətlərinin malik olmadığı imkanlara sahibdir. Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov oktyabrın 26-da prezident Vladimir Putinə təqdim etdiyi hesabatda "Burevestnik" raketinin sınaqlarının uğurla başa çatdığını bildirib. Onun sözlərinə görə, raket 15 saata yaxın havada qalıb, 14 min kilometrdən çox məsafə qət edib və bu, hələ maksimal hədd deyil. Sınaqlar zamanı raket həm vertikal, həm də horizontal manevrləri uğurla icra edib və bununla da raketin hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərini aşmaq imkanları nümayiş olunub.
"Rebelión" yazır ki, "Burevestnik"in nümayiş etdirdiyi texniki üstünlüklər Rusiyanın mövqeyini gücləndirir və Ukrayna müharibəsini davam etdirməkdə israr edən Qərb dairələrinə "zəiflik və səhv hesablamaların baha başa gələ biləcəyini" xatırladır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31