Türkiyə Qəzzaya beynəlxalq qüvvələr çərçivəsində xilasedici və müşahidəçi heyət göndərə bilər- ÖZƏL
3 Noyabr 2025 10:32 DünyaTürkiyə Qəzza zolağında yaradılması planlaşdırılan beynəlxalq stabilizasiya qüvvələrinin tərkibinə hərbi müşahidəçilər, axtarış-xilasetmə qrupları və mühəndis-istehkam bölmələri göndərə bilər. Olaylar.az xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, Ankaranın prosesdə hansı formada iştirak edəcəyi hazırkı həftənin sonuna qədər dəqiqləşə bilər. Məlumata əsasən, Qəzzadakı təhlükəsizlik təminatında türk hərbçilərinin iştirak ehtimalı da mövcuddur, lakin bu missiyanın böyük hissəsinin Misir, Pakistan və Azərbaycanın kontingentləri tərəfindən yerinə yetirilməsi daha real görünür.
TRT Haber telekanalı isə Müdafiə Nazirliyindəki mənbələrə istinadən bildirib ki, Türkiyə, Qəzzada atəşkəs rejiminə nəzarət üçün operativ qrupun yaradılması ilə bağlı xarici tərəfdaşlarla danışıqları davam etdirir.
Bundan əvvəl ABŞ-ın bir sıra ölkələrlə Qəzzada beynəlxalq stabilizasiya qüvvələrinin formalaşdırılması istiqamətində qapalı danışıqlar apardığı bildirilmişdi. Axios portalının məlumatına görə, bu qüvvələrdə Azərbaycan, Misir, İndoneziya və Türkiyənin nümayəndələri, eləcə də Fələstin polis bölmələri yer alacaq. Onların Qəzza ilə Misir və İsrail sərhədlərində yerləşdirilməsi nəzərdə tutulur.
Sentyabrın 29-da Ağ Ev ABŞ prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli üzrə 20 bənddən ibarət "hərtərəfli plan"ını açıqlayıb. Sənəddə Qəzzada müvəqqəti xarici idarəçilik və beynəlxalq stabilizasiya qüvvələrinin yerləşdirilməsi də nəzərdə tutulur. Oktyabrın 9-da tərəflər planın birinci mərhələsinin icrasına dair razılaşma imzalayıb, oktyabrın 10-da isə atəşkəs qüvvəyə minib.