Politico: BVF Belçikanın kreditdən imtina etməsi səbəbindən Ukraynaya yardımı dayandıra bilər- ÖZƏL
10:21 DünyaAvropa İttifaqı daxilində Belçikanın Rusiya aktivlərinin müsadirəsi və Ukraynaya "reparasiya krediti" kimi təqdim olunan maliyyə dəstəyinin verilməsinə qarşı çıxması ciddi narahatlıq yaradıb. Olaylar.az xəbər verir ki, Politico nəşrinin məlumatına görə, bu qərar Beynəlxalq Valyuta Fondunun (BVF) Kiyevə maliyyə yardımı göstərməsini dayandırmasına səbəb ola bilər.
Nəşrə danışan Avropa Komissiyasının nümayəndəsi və üç Aİ ölkəsinin diplomatları bildiriblər ki, "reparasiya krediti"nin təsdiqlənməsi Ukraynanın yaxın illərdə maliyyə dayanıqlığına malik olduğunu BVF-yə sübut etmək üçün əsas şərtlərdən biridir. BVF-in isə Kiyevə növbəti üç il ərzində ümumilikdə 8 milyard dollar kredit ayırması nəzərdə tutulur. Lakin bu maliyyə dəstəyinin açılması Avropa İttifaqının qeyd olunan mexanizm üzrə yekun razılığa gəlməsindən asılıdır. Çünki Aİ-nin dondurulmuş Rusiya dövlət aktivlərinin böyük hissəsi Belçikada yerləşir və bu vəsaitin yönləndirilməsi Brüsselin razılıq vermədiyi halda mümkün olmur.
Politico yazır ki, keçən ay Aİ liderlərinin maliyyə və hüquqi məsələlər üzrə görüşündə Belçika "reparasiya krediti"nə qarşı çıxıb. Bu isə Avropa İttifaqının dekabrda keçiriləcək həlledici BVF iclasına qədər mövqeyini razılaşdırmasına vaxt baxımından mane ola bilər. Nəşr qeyd edir ki, BVF-in Ukraynaya ayıracağı məbləğ böyük olmasa da, bu yardım Ukrayna dövlət idarəçiliyinin və maliyyə sabitliyinin beynəlxalq miqyasda təsdiqi baxımından mühüm əhəmiyyət daşıyır.