Politoloq: Paşinyan Qərbin dəstəyini qazanmaqla daxili zəifliyini kompensasiya etməyə çalışır – ÖZƏL

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə daxilində azalan dəstəyi kompensasiya etmək üçün Qərbdə loyallıq və siyasi dəstək qazanmağa çalışır. 

Olaylar.az xəbər verir ki, bu fikri "Sputnik Ermənistan"a müsahibəsində politoloq Ara Poqosyan bildirib.

Onun sözlərinə görə, Paşinyan komandası artıq 2026-cı il parlament seçkiləri üçün əsas kampaniya mövzularını müəyyənləşdirib və indi bu mesajları beynəlxalq arenaya ötürməyə çalışır. "O, özünü "sülh qüvvəsi", rəqiblərini isə "müharibə tərəfdarları" kimi təqdim edir. Bundan əlavə, Paşinyan özünü bölgəyə sülh gətirən yeganə Qərbyönümlü lider kimi göstərərək, Qərbin dəstəyini qazanmaq istəyir", - deyə Poqosyan qeyd edib.

Ekspertin fikrincə, Paşinyan Qərbdən həm siyasi, həm diplomatik, həm də investisiya dəstəyi gözləyir ki, seçkilər ərəfəsində xalq qarşısında bu dəstəyi nailiyyət kimi təqdim etsin.

Poqosyan Paşinyanın Moldova prezidenti Maya Sandu ilə görüşünü də "simvolik" adlandırıb və bunu onun "prorusiya qüvvələrinə qarşı kampaniyası" ilə əlaqələndirib. O, hesab edir ki, Paşinyan "anti-demokratik qüvvələr Rusiyanın nəzarətindədir" iddiası ilə siyasi rəqiblərə qarşı təzyiqləri legitimləşdirməyə çalışır.

Qeyd edək ki, Ermənistan parlament seçkiləri 2026-cı ilin iyununda keçiriləcək. Seçkilərdə iştirak niyyətini artıq sabiq prezident Robert Köçəryan, keçmiş ombudsman Arman Tatoyan ("Birlik Qanadları" hərəkatı) və 18 iyundan həbsdə olan iş adamı Samvel Karapetyanın "Bizim kimi" hərəkatı da açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31