ABŞ–Çin razılaşması: Qlobal bazarlarda sabitlik yaransa da...

ABŞ-Çin razılaşması çox güman ki, müvəqqəti xarakter daşıyır, çünki tərəflər arasında hələ də dərin ziddiyyətlər qalır. Bu ziddiyyətlər təkcə iqtisadi yox, həm də siyasi amillərlə bağlıdır. Deyə bilərik ki, Çin-ABŞ münasibətləri son görüşdən sonra nisbi sabitlik dövrünə qədəm qoya bilər, lakin hər şeyi zaman göstərəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə ABŞ və Çin arasında nadir torpaq metalları və vacib minerallar üzrə imzalanan ticarət sazişini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, bu saziş dünya iqtisadiyyatına müsbət təsir göstərəcək və əsas əmtəə bazarlarında müəyyən sabitlik yaradacaq:

"Razılaşma qlobal bazarlara, xüsusilə strateji malların və resursların bazarına sabitlik gətirəcək. Çinlə ABŞ arasındakı ticarət mübadiləsi ümumdünya ticarət mübadiləsinin təxminən 2 faizini təşkil edir və bu, az göstərici deyil. Yaxın aylarda bu razılaşmanın nəticəsində əsas bazarlarda nisbətən balanslı vəziyyətin qorunacağını gözləmək olar".

İlqar Vəlizadə qeyd edib ki, ABŞ və Çin münasibətlərində müəyyən yaxınlaşma müşahidə olunsa da, digər istiqamətlərdə - məsələn, ABŞ-Avropa və ABŞ-Hindistan əlaqələrində hələ də fikir ayrılıqları qalmaqdadır:

"Son aylar ərzində bəzi məsələlərdə razılıq əldə olunsa da, digər mövzularda gərginliklər özünü göstərir. Ehtimal etmək olar ki, Çinlə münasibətlərdə də oxşar mənzərə yaşana bilər. Lakin ümid var ki, bu münasibətlər proqnozlaşdırıla bilən səviyyədə inkişaf edəcək və fors-major vəziyyətlərin yaranmasına yol verilməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31