Pentaqon rəhbəri ilk dəfə Koreya Demilitarizasiya Zonasına səfər edəcək- ÖZƏL

ABŞ müdafiə naziri Pit Hegset gələn həftə Şimali və Cənubi Koreyanı ayıran Demilitarizasiya Zonasına (DMZ) ilk dəfə səfər edəcək. Olaylar.az xəbər verir ki, bu barədə o, Kuala-Lumpurda ASEAN ölkələrinin müdafiə rəhbərlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Prezident Donald Tramp dəfələrlə Şimali Koreya lideri Kim Çen Inla dövlət başçıları səviyyəsində danışıqlara açıq olduğunu vurğulayıb. Hegset bildirib: "Cənubi Koreya ilə ittifaqımız uzun illərdir davam edir və mən DMZ-yə ilk səfərimi səbirsizliklə gözləyirəm." KXDR ətrafında mövcud vəziyyəti şərh edən Hegset, regionda birgə təhlükəsizlik maraqlarının mövcud olduğunu söyləyib: "Bu təhdidi və regiondakı digər riskləri necə qiymətləndirdiyimizlə bağlı ortaq mövqeyimiz çoxdur. Pxenyana hansı mesajı verəcəyimizi əvvəlcədən açıqlaya bilmərəm - bunu Prezident Tramp müəyyən edəcək. Amma biz təhdidi görməməzlikdən gəlmirik."
Şimali Koreya lideri Kim Çen In isə daha əvvəl ABŞ Prezidenti ilə şəxsi təmasların "yaxşı xatirələr" buraxdığını desə də, ölkəsinin denuklearizasiya məsələsini müzakirə etməyəcəyini bildirmişdi. Bu həftə KXDR-in xarici işlər naziri Çoe Son Hi ABŞ-ı "məsuliyyətsiz şəkildə hərbi potensialı genişləndirməkdə" ittiham etmişdi. Bir müddət əvvəl mətbuatda Tramp və Kim Çen In arasında interkoreya sərhədində görüşün mümkün təşkilindən bəhs olunurdu. Lakin sonradan ABŞ lideri Vaşinqtonla Pxenyanın görüş vaxtını razılaşdıra bilmədiyini açıqladı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31