AP: Tramp İndoneziya-İsrail münasibətlərinin yaxşılaşmasına ümid edir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Associated Press (AP) ABŞ rəsmisinə istinadən yazır ki, ABŞ prezidenti Donald Tramp Qəzzada əldə olunan atəşkəs razılaşması fonunda İndoneziya ilə İsrail arasında münasibətlərin normallaşacağına ümid edir. Rəsminin sözlərinə görə, Vaşinqton hesab edir ki, Qəzza ilə bağlı anlaşmaya əməl olunması İndoneziya və Səudiyyə Ərəbistanının İsraillə əlaqələrinin yaxşılaşmasına təkan verə bilər. AP qeyd edir ki, İndoneziya prezidenti Prabovo Subianto ölkəsinin qlobal arenada təsirini genişləndirmək və ABŞ lideri ilə əlaqələri inkişaf etdirmək niyyətini nümayiş etdirib. Bununla belə, İndoneziya rəhbərliyi bildirib ki, İsraillə münasibətlərin yaxşılaşdırılması yalnız Fələstin dövlətinin yaradılması ilə bağlı qərar qəbul olunduqdan sonra mümkün olacaq. İndoneziyanın XİN nümayəndəsi İvonn Mevenqkanq deyib: "İsraillə bağlı hər bir mövqe Fələstinin müstəqilliyinin və suverenliyinin tanınması məsələsindən başlamalıdır".
AP-nin yazdığına görə, ABŞ administrasiyası İndoneziyanın mövqeyinin yumşaldıla biləcəyini düşünür. ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Danil Şapiro bildirib ki, Trampın "razılaşma əldə etmək istəyinin" əvvəllər mümkün olmayan imkanlar yarada biləcəyinə inanırlar.
İndoneziya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olmaq istəyir və ABŞ prezidentinin dəstəyi bu prosesdə həlledici rol oynaya bilər. Bundan əlavə, Vaşinqtonun nadir torpaq elementləri sənayesinə investisiya təklifləri də Cakartanın marağına səbəb ola bilər. Şapironun sözlərinə görə, İndoneziya ABŞ-dan müəyyən dəstək istədiyi təqdirdə, Vaşinqton bu imkandan istifadə etməyə çalışacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31