Marukyan: Ermənistan hakimiyyəti 2026-cı il seçkilərində hakimiyyətin qorunması üçün… – ÖZƏL
11:01 DünyaRəsmi İrəvan Azərbaycanın Qarabağda törətdiyi cinayətləri gizlətmək üçün hər şeyi edir, bunun müqabilində isə Bakı və Ankaranın ritorikası xeyli yumşalıb.(?)
Olaylar.az xəbər verir ki, bu fikri "Maariflənmiş Ermənistan" partiyasının lideri, keçmiş xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan Sputnik Ermənistan-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Avropa Parlamenti ilə "Euronest" Parlament Assambleyasının İrəvanda keçirilən sessiyasında hökumətyönlü deputatlar Qarabağ ermənilərinin hüquqlarına dair qətnaməyə qarşı çıxıblar. Marukyan hesab edir ki, hazırkı vəziyyətdə Ermənistan, əslində, beynəlxalq platformalarda Azərbaycana qarşı irəli sürülən ittihamlardan onu müdafiə edən "ən güclü müttəfiqə" çevrilib.
Siyasətçinin fikrincə, Ermənistan hakimiyyətinin dəstəyi Azərbaycanın Qarabağda insan haqlarını kobud şəkildə pozmasına göz yummasında, "Qarabağ məsələsi bağlanıb", "hamı razıdır", "sülh bərqərar olub" kimi iddialarında özünü göstərir.(?)
"Bu şəraitdə beynəlxalq tərəfdaşlar da deyirlər ki, əgər Ermənistanın özü narahat deyilsə, biz daha çox narahat ola bilmərik", - deyə Marukyan bildirib.
O qeyd edib ki, Ermənistanın belə mövqeyi nəticəsində Bakı heç bir sanksiya və təzyiqlə üzləşmir, etnik təmizləmə və Qarabağ ermənilərinin qayıdış hüququ ilə bağlı məsuliyyət daşımır.
Marukyanın sözlərinə görə, hazırkı Ermənistan hakimiyyəti Qarabağ ermənilərinin qayıdışı və digər məsələləri gündəmə gətirməyəcək, bu isə ölkəni Azərbaycanın "cinayətlərində şərik" edir.(?)
Siyasətçi hesab edir ki, rəsmi İrəvan Azərbaycanın törətdiyi cinayətləri gizlətməklə 2026-cı il parlament seçkilərində hakimiyyətin yenidən qorunmasına çalışır. Onun müşahidələrinə görə, son zamanlar Türkiyə və Azərbaycanın ritorikası da nəzərəçarpacaq dərəcədə yumşalıb və bu, hazırkı Ermənistan rəhbərliyinə dəstək məqsədi daşıyır.
 
    