Zaxarovanın sirli sərvəti — 100 milyonluq mənzil, Kiselyovdan “ikinci maaş” və dövlət sifarişləri ilə zənginləşən ər
30 Oktyabr 20:34 DünyaRusiyanın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova son illərdə, xüsusən də Ukrayna müharibəsi fonunda, görünməmiş şəkildə varlanıb.
O, Moskvada mədəni irs siyahısına daxil edilmiş tarixi binada 150 kvadratmetrlik mənzil alıb, rəsmi gəlirləri isə belə alışa imkan vermir.
Musavat.com xəbər verir ki, məlumatlara görə, Zaxarova 2022-ci ilin sonunda Böyük Dmitrovka küçəsində yerləşən "doходный дом"da mənzil alıb. Mənzilin qiyməti 100 milyon rubl olub, hazırda onun dəyəri 160 milyona çatır. 2023-cü ildə isə o, mənzili atasının adına keçirib.
Zaxarovanın gözlənilməz "ikinci iş yeri" də üzə çıxıb - o, uzun illərdir tanıdığı Dmitri Kiselyovun rəhbərlik etdiyi "Rossiya Seqodnya" media qrupundan da maaş alır. Məlumata görə, keçən il oradan 3 milyon rubl, 2025-ci ilin əvvəlindən isə 1,6 milyon rubl qazanıb. Halbuki bu qurumda rəsmi vəzifəsi və fəaliyyəti barədə heç bir məlumat yoxdur.
XİN rəhbəri Sergey Lavrovun xüsusi göstərişi sayəsində Zaxarova öz gəlirlərini və əmlakını ictimai şəkildə açıqlamamaq imtiyazına malikdir. Lakin Federal Vergi Xidmətindən sızan məlumatlar göstərir ki, onun aylıq maaşı 500-800 min rubl, illik gəliri isə 11 milyon rubl təşkil edir - bu, onun diplomatik maaşından iki dəfə çoxdur.
Müharibədən əvvəl Zaxarova Avropada - xüsusilə Nitsa və Parisdə - səyahət etməyi sevirdi. O dövrlərdə rəsmi tədbirləri olmadan, əri ilə birlikdə şəxsi səfərlərə çıxırdı.
Zaxarova ərinin şəxsiyyətini 20 ildən artıq gizli saxlayıb. Araşdırmalara görə, onun həyat yoldaşı Andrey Makhrov geologiya və proqram təminatı sahəsində fəaliyyət göstərən şirkətin rəhbərliyində yer alır. Həmin şirkət təkcə son bir il ərzində 386 milyon rubl dəyərində dövlət sifarişi alıb.
Musavat.com