Rusiya şəhərləri Xirosimanın taleyini yaşaya bilər - ŞOK PROQNOZ

Amerikanın nüvə müharibəsinə hazırlaşdığı barədə həyəcanlı məlumatlar yayılıb. Buna səbəb də, Ağ Evin sahibi Donald Trampın Rusiyanın yeni raketləri sınaqdan keçirməsindən sonra Pentaqona dərhal nüvə silahı sınaqlarına başlamağı əmr etməsidir.

Axar.az xəbər verir ki, Tramp vediyi qərarla əlaqədar özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

"ABŞ-ın digər ölkələrdən daha çox nüvə silahı var. Bu, mənim birinci prezidentlik dövrümdə mövcud silahların tam yenilənməsi və təmiri ilə birlikdə həyata keçirildi. O silahların dəhşətli dağıdıcı gücünə görə bunu etməkdən nifrət edirdim, amma seçimim yox idi! Rusiya ikinci yerdədir, Çin isə üçüncü yerdədir. 5 ildən sonra da belə olacaq. Başqa ölkələrin sınaq proqramlarına görə, Hərbi Nazirliyə nüvə silahlarımızı bərabər əsaslarla sınaqdan keçirməyə başlamağı tapşırmışam. Bu proses dərhal başlayacaq", - Tramp qeyd edib.

ABŞ nüvə müharibəsinə hazırlaşır, yoxsa bu, Rusiyaya bir mesajdır? Kremli bununla çəkindirmək olacaqmı?

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a bildirdi ki, Rusiya-Ukrayna müharibəsində kollektiv Qərb hazırki strategiya ilə Rusiyanı məğlub edə bilmədi: "Rusiya şərq cəbhəsində irəliləyir, müharibənin uzanması isə hər iki tərəfin resursunu tükəndirir. II Dünya Müharibəsini xatırlayaq - Yapon "kamikadze" ordusunun mübarizə əzmini qıra bilməyəndə ABŞ atom bombasına əl atdı. Görünür ki, qlobal güclər eyni ssenarini təkrarlamaq istəyir. Çünki ABŞ-dan Ukraynaya verilməsi müzakirə olunan Tomahawk raketləri həm də nüvə başlığını daşıma qabiliyyətinə malikdir - həm də Xirosimaya atılan nüvə başlığından on qat artıq gücə malik hücum imkanları var. Beləliklə, Rusiyanın daxili infrastrukturunu, xüsusilə enerji təsisatlarını hədəf alacağı bəyan olunan bu raketlər sadəcə olaraq uzaq-mənzilli, dəqiq-atəş imkanlı hücum silahı deyildir. Odur ki, Rusiya dərhal mühüm qərarlar aldı: Nüvə başlıqlarının hazırlanmasında istifadə olunan plutoniumun utilizasiyasına dair 2000-ci ildə əldə edilən ABŞ-Rusiya razılaşmasının icrasının Rusiya tərəfindən 8 oktyabrda dayandırılması, həmçinin Rusiyanın orta-mənzilli nüvə güclərinə dair razılaşmadan avqust ayında çıxması və son olaraq Putinin bu günlərdə nüvə sınaqlarının keçirilmə əmrini verməsi həm Qərbə nüvə təhdidi, həm ABŞ-ı Ukraynaya hərbi yardımı artırmaq niyyətindən daşındırmaq cəhdi olmaqla yanaşı, həm də dünyanın yeni qlobal miqyaslı müharibənin eşiyində olduğunun xəbərçisidir. Bu təhdid fonunda ABŞ-ın da nüvə sınağı keçirməklə bağlı açıqlama verməsi təsadüfi deyil və qarşılıqlı çəkindirmə doktrinasının işə düşdüyünü göstərir. Dünyanın iki nüvə nəhənginin qarşı-qarşıya gəldiyi bir vaxtda Trampın Putinlə görüşdən imtina edərək, Çin rəhbəri Si Tsinpinlə görüşə gedəcəyi məlumdur. Tsinpinlə görüşdə Tramp Rusiyaya dəstəyini geri çəkməsi müqabilində Çinə tətbiq etdiyi sanksiyaların yumşaldılmasını təklif edə bilər. Dünyanın yeni qlobal müharibəyə yuvarlanması qlobal iqtisadiyyatın sahiblərini, o cümlədən burada mühüm payı olan Çini də narahat etməyə bilməz. Lakin, Çin ABŞ-ın son hədəfinin məhz özü olduğunu dərk edir və odur ki, görüşdə dünyanın necə bölüşdürüləcəyi barədə sərt müzakirələrin gedəcəyi aydındır. Rusiya qlobal bölgüdə mövqeyini qorumaq üçün daha öncə ABŞ-a öz neft-qazını birgə ixrac etməyi, zəngin yeraltı ehtiyatların birgə çıxarılmasını və s. təklif edib. Lakin, Trampın Putinlə görüşməkdən imtina etməsilə aydın olur ki, ABŞ dünyanın yeni nizamının üçqütblü modelə əsaslanmasına imkan vermək istəmir və bu məqsədlə Çinin rəqbət gücünü tanımaq yolunda təşəbbüs göstərir. Belə ki, Çin Rusiyaya silah istehsalında lazımi komponentləri, o cümlədən dron və s. təchizatını kəsərsə, bu, Qərbin qələbəsi demək ola bilər. Əks təqdirdə, həm Avropa, həm də ABŞ Rusiyanın dağıdıcı hərb maşını ilə üz-üzə qalacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31